Ərəbdilli “Zawya” portalı Misir Prezidentinin Azərbaycana səfərindən yazıb
AzerTAg.az

Bakı, 26 yanvar, AZƏRTAC
Ərəbdilli “Zawya” portalında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü barədə geniş material dərc edilib.
AZƏRTAC xəbər verir ki, portal Misir Prezidentinin dünən Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində insan tələfatı ilə əlaqədar azərbaycanlı həmkarına başsağlığı verdiyini, yaralılara şəfa dilədiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti iki ölkə arasında sıx münasibətlərdən məmnunluğunu ifadə edib və ölkəsinin bu əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Həmçinin diqqətə çatdırılıb ki, Əbdülfəttah Əs-Sisinin bu səfəri Misir prezidentlərinin Bakıya ilk rəsmi səfəridir.
Məqalədə qeyd olunur ki, səfər çərçivəsində keçirilmiş görüşlərdə tərəflər ticarət əlaqələrini inkişaf etdirərək iqtisadi tərəfdaşlığı gücləndirmək niyyətlərini bildiriblər. Vurğulanıb ki, iki ölkə arasında xüsusilə neft və qaz sahələrində əməkdaşlıq üçün geniş fürsətlər var.
Tərəflərin, həmçinin terror qruplaşmalarının zərərsizləşdirilməsinin zəruriliyini vurğuladıqları da diqqətə çatdırılıb.
Müəllif yazıb ki, səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Xəbərin mətnində orfoqrafik səhv var