SİYASƏT
Ərəbdilli mətbuatda Anım Günü ilə əlaqədar məqalələr dərc olunub


Qahirə, 27 sentyabr, AZƏRTAC
Azərbaycanda şəhidlərin Anım Günü ilə əlaqədar ərəbdilli mətbuatda məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Middle East Business” və “Səma” nəşrlərində, habelə Livanın “VLD Lebanon” və Omanın “ƏdaOman” portallarında Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun 27 sentyabr - Anım Günü ilə əlaqədar məqaləsi yayımlanıb.
Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin təminatçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si şəhidlərin Anım Günü kimi təsis edilib. Müəllif yazır ki, rəşadətli Azərbaycan Ordusu, igid əsgərlərimiz Ermənistan silahlı qüvvələrinin “məğlubedilməz ordu” olması haqqında mifi darmadağın etdi.
Yazıda 44 günlük müharibənin səbəb və nəticələri, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarda törətdiyi vəhşiliklər, məscidlərin dağıdılması və təhqir olunması haqqında ətraflı məlumat verilir.
Sonda vurğulanır ki, Azərbaycan xalqı ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin müqəddəs xatirəsini ehtiramla anır, onların Vətən qarşısında xidmətlərini heç vaxt unutmayacaq.
Şəhidlərimizin Anım Günü ilə əlaqədar Əlcəzairin “Əl Hərir”, İordaniyanın “Ammonnews” portallarında da məqalələr dərc olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə