SİYASƏT
Ərəbdilli və Afrika mətbuatı Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının XİN rəhbərlərinin aralıq konfransından yazıb
Qahirə, 17 iyul, AZƏRTAC
Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda iyulun 13-14-də keçirilən onlayn formatda aralıq konfransı ərəb mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “Omannews” portalında dərc olunmuş materialda Oman Sultanlığının Xarici İşlər Nazirliyinin baş katibi Şeyx Xəlifə Əli Əl-Hərzinin konfransdakı çıxışına geniş yer ayrılıb. Oman rəsmisi Qoşulmama Hərəkatının son iki ildə səmərəli fəaliyyətini və Azərbaycanın mühüm rolunu xüsusi qeyd edib. Yazıda Hərəkatın bütün dünyada, o cümlədən Yaxın Şərq və Körfəz regionlarında sülhə və təhlükəsizliyə, habelə COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfə də vurğulanıb.
Əlcəzairin “Cazairinfo” və “Əl Hərir” portallarında bu ölkənin xarici işlər naziri Ramtan Lamamranın konfransda çıxışı yayımlanıb. Materiallarda qeyd olunub ki, Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Hərəkata sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü çatdıran xarici siyasət idarəsinin rəhbəri Qoşulmama Hərəkatının perspektivlərindən danışıb. Yazılarda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamlara da yer verilib.
“Libya Observer” nəşri Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə keçirilən növbəti tədbirində qlobal çağırışlara cavab verilməsi ilə əlaqədar məsələlərin müzakirə edildiyini diqqətə çatdırıb. Qəzetin məqaləsində qeyd olunub ki, Liviya Xarici İşlər Nazirliyinin baş katibi Ömər Kattinin çıxışında hərəkatın Şimali Afrika və Yaxın Şərqdə sülhün bərqərar olması, habelə pandemiyadan sonrakı dövrdə bərpa prosesinə verəcəyi töhfələrdən bəhs edilib.
Suriyanın SANA agentliyinin xəbərində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətində mühüm tərəqqi vurğulanıb və bu ölkənin xarici işlər naziri Faysal Mikdadın onun ölkəsində, habelə Yəmən və Fələstində vəziyyətlə bağlı təklif və mülahizələri yer alıb.
Cənubi Afrika Respublikasının rəsmi “Dirco” portalında konfrans haqqında geniş hesabat və onun yekununa dair qəbul olunmuş Siyasi Bəyannamənin tam mətni dərc edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə