REGİONLAR
Ərəbqədim-Göydərə avtomobil yolunun yenidən qurulması davam edir VİDEO
Bakı, 29 mart, AZƏRTAC
Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunda yenidənqurma işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci kilometrindən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir. Yolun ümumi uzunluğu 13 kilometrdir. Yenidənqurma işləri çərçivəsində sözügedən yolboyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kvadratmetrdən çoxdur.
Texnoloji ardıcıllığa uyğun olaraq hazırda yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 78 min kvadratmetr sahəni əhatə edəcək.
Layihə çərçivəsində yol çiyinlərinin optimal çınqıl-qum qarışığından 12 santimetr qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılacaq. Yolboyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin bir dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.
Tikinti işlərindən sonra layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Ərəbqədim–Göydərə yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 2 mindən çox əhalinin yaşadığı iki yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.