CƏMİYYƏT
Ərəstun Həsənov: Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır
Bakı, 4 iyun, AZƏRTAC
Bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur. Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov mətbuat konfransında deyib.
İdarə rəisi, həmçinin bildirib: "Çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparılıb.
Analizlərin nəticələrinə görə Xəzər rayonunun Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonunun Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil.
Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zuğulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır.
Hazırda Xəzər dənizinin cənub və şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır".
"Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri indi, yəni çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür.
Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi yəqin ki, indi, çimərlik mövsümündə daha da aydın görünür. Çağırış edəndə ki, tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın, məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Amma reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil.
Dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab sularını təmizlənmədən dənizə axıtmasınlar", - deyə Ə.Həsənov qeyd edib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov çimərliklərdən bir neçə dəfə nümunələr götürülərək analiz edildiyini və bəzilərində zərərli maddələrin miqdarının normadan çox olduğunu bildirib. Şöbə müdiri həmin ərazilərdəki yaşayış məntəqələrindən dənizə axıdılan çirkab sularının buna səbəb olduğunu diqqətə çatdırıb. Z.Kazımov Nabran, Türkan Hövsanda tədqiqatların davam etdiriləcəyini də vurğulayıb.