MƏDƏNİYYƏT
Argentina Milli Konqresi Deputatlar Palatasının sədri “Atəşgah məbədi”ni ziyarət edib
Bakı, 30 aprel, AZƏRTAC
Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo aprelin 30-da “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
AZƏRTAC xəbər verir ki, məbədlə tanışlıq zamanı Deputatlar Palatasının sədrinə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.
Qeyd edilib ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Vurğulanıb ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.