REGİONLAR
Argentina səfiri Naxçıvanın mədəniyyət, təhsil, səhiyyə və biznes müəssisələri ilə tanış olub
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın mədəniyyət, təhsil, səhiyyə və biznes müəssisələri ilə tanış olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, diplomat, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ehtiramını bildirib. Daha sonra səfir Heydər Əliyev Muzeyini ziyarət edib. Mədəniyyət ocağı ilə tanışlıq zamanı qeyd olunub ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə Ulu Öndərin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Naxçıvan Günəş Elektrik Stansiyası ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, 2015-ci ildə Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikilmiş Naxçıvan Günəş Elektrik Stansiyası ilk olaraq 20 meqavat güclə istismara verilib. Daha sonra 2017-ci ildə stansiyanın layihə gücü əlavə 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb. Naxçıvan Günəş Elektrik Stansiyası ən son texnoloji yeniliklər əsasında qurularaq fəaliyyət göstərir. 36 hektar ərazidə tikilmiş stansiyada ən müasir “şüşə-şüşə” tipli günəş panelləri quraşdırılıb, onun fəaliyyəti tamamilə kompüterləşdirilib. Buradakı invertorlar, transformator, komutasiya aparatları və digər elektrik avadanlıqları ilə təchiz olunmuş 13 transformator yarımstansiyası quraşdırılıb. Havaların istiləşməyə başladığı günlərdən etibarən stansiyanın yay rejiminin tətbiqi buradakı bütün avadanlıqların avtomatik soyutma sisteminə keçməsini təmin edir ki, bu da təhlükəsizlik və faydalı iş əmsalının artması deməkdir.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağın nəzərinə çatdırılıb ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 78 müəssisənin 166 adda 1293 çeşiddə məhsulları nümayiş olunur. Muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 385 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Qazanılan uğurlar bir daha təsdiq edir ki, muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, eyni zamanda sahibkarların göstərilən qayğıdan düzgün istifadəsi ümumi inkişafı təmin edib.
“Gəmiqaya Meyvə Nektarı Kompleksi” və “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətləri ilə tanışlıqdan sonra Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə gələn səfirə məlumat verilib ki, zavodda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlı və qazsız “Sirab” təbii mineral müalicəvi süfrə suyu müxtəlif həcmli plastik və şüşə butulkalara doldurulur. Hazırda zavodda 21 çeşiddə məhsul istehsal olunur. Qablaşdırmada istifadə edilən xammalın bir qismi Türkiyə və Gürcüstandan gətirilir, qalanı isə muxtar respublikanın daxili imkanları hesabına ödənilir. Minerallarla zəngin olan “Sirab” daxili tələbatı ödəməklə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Küveyt, Ukrayna və Baltikyanı ölkələrə də göndərilir.
Səfərin ikinci günü diplomat “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olub. Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.
Əlincəqalanı ziyarət edən qonağın nəzərinə çatdırılıb ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincəqalanın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfirə məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məşhur Tanqo rəqsini maraqla izlədikdən sonra diplomat “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Xalça Muzeyi ilə tanış olub.