MƏDƏNİYYƏT


Argentinada Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə konsert təşkil olunub

Bakı, 20 dekabr, AZƏRTAC

Argentinadakı səfirliyimizin təşəbbüsü, La Plata Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” kafedrasının təşkilati dəstəyi ilə Buenos Ayres şəhərinin əzəmətli memarlıq incilərindən hesab edilən tarixi “Teatro del Globe” teatrında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə konsert keçirilib.

Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin rəsmi hissəsində açılış nitqi ilə çıxış edən səfir Rəşad Aslanov xalqımızın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin ölməz əsərləri ilə dünya şöhrəti qazandığını və adının dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkildiyini bildirib. Həmçinin Nizaminin “Xəmsə” adlanan məşhur əsərlərində humanizm və bərabərlik, ədalətli hökmdar və xalq, əməkçi insan və mənəvi kamillik, sərvət və şəxsiyyət kimi böyük ictimai fenomenlərin öz əksini tapdığını deyib.

R.Aslanov bu ilin Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə təsadüf etdiyini və qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildiyini bildirib.

Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadənin tərtib etdiyi konsert proqramının birinci hissəsində xanəndə Nurlan Namazov və kamança ifaçısı Oqtay Şərifovun ifasında Nizami Gəncəvinin qəzəlləri, xalq və bəstəkar mahnılarımız tamaşaçılara təqdim olunub. Konsert proqramının ikinci hissəsində isə tarda S.Paşazadə pianoda Sevinc Kərimovanın müşayiəti ilə, Azərbaycan və dünya bəstəkarlarının, o cümlədən əsərləri dünya mədəniyyətinin inciləri sırasında olan Argentina bəstəkarı Astor Piazzollanın əsərlərini ifa edib.

Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Milli Konqresin, Argentinada akkreditə olunmuş diplomatik korpusun üzvləri, KİV nümayəndələri, ictimai-siyasi xadimlər və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə yüksək peşəkarlıq və ustalıqla tamaşaçılara təqdim olunmuş əsərlər böyük maraqla qarşılanıb və sənətçilər bir neçə dəfə yenidən səhnəyə dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.