DÜNYA
Argentinada beş nazir istefa verib
Madrid, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Argentinanın beş naziri istefa barədə ərizələrini Prezident Alberto Fernandesə təqdim edib.
AZƏRTAC xəbər verir ki, nazirlərin istefa məsələsi qanunvericilik orqanlarına ilkin seçkilərdə hakim “Ümumi cəbhə” koalisiyası ciddi məğlubiyyətə uğrayandan sonra yaranıb.
Əvvəlcə Argentinanın daxili işlər naziri Vado de Pedro, onun ardınca Ədliyyə Nazirliyinin rəhbəri Martin Soria, elm naziri Roberto Salvarettsa, ətraf mühit naziri Xuan Kabandi və mədəniyyət naziri Tristan Bauer də istefa barədə ərizə verib.
Bazar günü ortamüddətli qanunvericilik orqanlarına namizədlərin ilkin seçkilərində hakim “Ümumi cəbhə” (sol-mərkəzçi peronizm) koalisiyası seçicilərin 31 faizdən az hissəsinin səsini toplayıb. Bu o deməkdir ki, seçicilər həmin koalisiyaya siyasi liderlərin güman etdiyindən və rəy sorğularının nəticələri ilə müqayisədə daha az etimad bəsləyirlər. Keçmiş Prezident Maurisio Makrinin sağ-mərkəzçi “Dəyişikliklər uğrunda birlikdə” koalisiyası seçicilərin 40 faizinin səsini toplayıb.
Alberto Fernandes dövlət başçısı vəzifəsində olduğu dövrdə COVID-19 pandemiyası və get-gedə dərinləşməkdə olan iqtisadi böhranla üzləşib. Nəticədə əhalinin yarısının həyat səviyyəsi yoxsulluq həddinə düşüb.
Avqust ayına qədər Argentinada inflyasiya səviyyəsi 30 faizdən çox idi. Bu, bütün dünyada ən yüksək inflyasiya göstəricilərindən biridir. Ölkədə yoxsulluq səviyyəsi 42 faizə çatıb.
Argentina hökuməti 2018-ci ildə ovaxtkı Prezident Maurisio Makrinin hökuməti tərəfindən Beynəlxalq Valyuta Fondu ilə imzalanmış və Argentinanın 44 milyard dollar borca düşməsi ilə nəticələnmiş “Stand-By” sazişinin əvəzinə əlavə maliyyə ayrılması barədə danışıqlar aparmalıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid