SİYASƏT
Argentinanın “La Nacion” qəzetində “Azərbaycan üçün müstəqilliyin mahiyyəti və dəyəri” başlıqlı məqalə dərc olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirlər çərçivəsində Argentinanın ən qədim və geniş oxucu auditoriyasına malik mətbu orqanlarından biri olan “La Nacion” qəzetində səfir Rəşad Aslanovun Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “Azərbaycan üçün müstəqilliyin mahiyyəti və dəyəri” başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından keçən 30 il ərzində qarşılaşdığı çətinliklər və əldə edilmiş nailiyyətlər barəsində məlumat verilir. Müstəqilliyin ilk illərində daxili siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ilə üzləşən Azərbaycanın ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə kövrək olan suverenlik və siyasi müstəqilliyini möhkəmləndirdiyi, xarici təzyiqlərə və transmilli şirkətlərin Azərbaycanın müstəqilliyinin gələcəyinə dair tərəddüdlərinə baxmayaraq, H.Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasına nail olduğu, ilk dəfə Xəzər dənizinə xarici sərmayəçilərin cəlb edildiyini və beləliklə də H.Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Azərbaycanı beynəlxalq birliyin sayılıb-seçilən üzvü və beynəlxalq etibarlı tərəfdaşa çevirdiyi qeyd olunur.
2003-cü ildən etibarən Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalisinin firavanlığını və sosial-iqtisadi rifahını təmin edən iqtisadi dirçəlişə nail olduğu, qlobal və regional xarakterli enerji və infrastruktur layihələrinin təşəbbüskarı və icraçısı olduğu, Avropanın enerji təhlükəsizliyinin təminində mühüm tərəfdaş statusu qazandığı və nəticədə Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzinə çevrildiyi bildirilir.
Məqalədə, həmçinin Azərbaycanın müstəqilliyinin bərpası dövründə ən böyük uğurunun BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edərək, ərazilərini işğaldan azad etməsi, suverenlik və ərazi bütövlüyünün bərpası olduğu bildirilərək, hazırda Azərbaycanın azad edilmiş ərazilərin minalardan təmizlənməsi, “urbisid”ə məruz qalmış şəhər və rayonların yenidən qurulması ilə məşğul olduğu əlavə edilir.
Çoxtərəfli platformada uğurlu fəaliyyətinin göstəricisi kimi Azərbaycanın hazırda Qoşulmama Hərəkatına sədrlik etdiyi və bu çərçivədə dövrü çağırışlarla bağlı irəli sürdüyü təşəbbüs və layihələr barəsində məlumat verilir. Həmçinin Azərbaycanın çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinin təqdir olunduğu və ölkəmizin bu platformada çoxsaylı mötəbər tədbirlərə ev sahibliyi etdiyi qeyd olunur.