ELM VƏ TƏHSİL
Argentinanın tanınmış İNVAP dövlət şirkətinin nümayəndə heyəti Elmin İnkişafı Fondunda olmuşdur
Bakı, 22 fevral (AZƏRTAC). Argentinanın innovativ texnologiyalar sahəsində tanınmış İNVAP dövlət şirkətinin (www.invap.com.ar) nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) olmuşdur.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinə şirkətin baş icraçı direktoru Ektor Otequy, kosmik layihələr üzrə baş menecer Marselo Basiqalup, nüvə layihələri üzrə baş menecerin müavini Xuan Pablo Ordonez, Argentinanın Azərbaycandakı səfirinin müavini Gabriel Xorxera daxil olmuşlar. Görüşdə qonaqlar İNVAP-ın yaranması, inkişafı, innovativ texnologiyalar sahəsində fəaliyyəti barəsində geniş məlumat vermişlər. Bildirilmişdir ki, İNVAP şirkəti nüvə tədqiqat reaktorlarının inşası, peyk və radar istehsalı, sənaye və alternativ enerji, radiomüayinə və radioterapiya cihazlarının hazırlanması, qida dondurma və qurutma cihazları, robot və avtomatlaşdırılmış sistemlər, sənaye xidmətləri sahələri üzrə fəaliyyət göstərir. Dünyanın 30-dan çox ölkəsində müştəriləri olan şirkət Latın Amerikasında ABŞ-ın NASA kosmik agentliyinin kosmik texnologiyalar təchizatı üzrə sertifikatını almış yeganə qurumdur.
EİF-in fəaliyyəti ilə tanış olan argentinalı qonaqlar fondun rəhbərliyi ilə iki qurum arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Fondun icraçı direktoru Elçin Babayev geniş profilə malik İNVAP şirkəti ilə elmi-texniki əlaqələrin ölkəmizdə elmin inkişafına töhfə verə biləcəyini vurğulamışdır. Bildirmişdir ki, İNVAP ilə əlaqələrin genişləndirilməsi Azərbaycan və Argentina arasında münasibətlərin möhkəmlənməsinə də müsbət təsir göstərə bilər.