REGİONLAR


Arı ailələrinin qışlamaya hazırlığına ciddi yanaşmaq lazımdır –peşəkar arıçı tövsiyəsi

İsmayıllı, 11 noyabr, A.Ağayev, AZƏRTAC

Arıçılıq diqqət və qayğı tələb edən sahədir və bu sahənin incəliklərini bilmədən istənilən məhsuldarlığa nail olmaq mümkün deyil.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İsmayıllının Tircan kəndindən olan peşəkar arıçı, rayon Arıçılar Birliyinin sədri İslam Fətullayev söyləyib. Artıq arı ailələrinin qış mövsümü başlayır.

“Arı ailələri qışlamaya necə getməlidir?” sualını cavablandıran peşəkar arıçı deyib: Yuvaların düzgün və vaxtında formalaşması, arı ailələrinin qışlama keyfiyyətinə, təhlükəsizliyinə və yeni mövsümdə iş qabiliyyətinə birbaşa təsir edir. Arı ailələrinin qışlamaya hazırlanmasına əsasən balın toplanmasından dərhal sonra və ya payızın əvvəlində başlamaq lazımdır.

Bu proses bir neçə mərhələdən ibarət olduğunu söyləyən arıçı bu mərhələləri ayrı-ayrılıqda şərh edib.

Arı ailələrinin müayinəsi

Pətəkdən bal götürülərkən arıların qış ehtiyacları nəzərə alınaraq lazımi miqdarda balın yuvada saxlanması vacibdir. 1-2 çərçivədə isə güləm olması erkən yaz dövründəki nəsil artımı üçün çox mühüm əhəmiyyət daşıyır.

İqlim və floranın müxtəlifliyini nəzərə alaraq bölgələr üzrə yem ehtiyatının qış və yaz dövrü üçün dağlıq, dağətəyi və aran zonasında hər arı ailəsi üçün təbii bal və şərbət də daxil olmaqla, 8-12 kiloqram saxlanılması məsləhət görülür.

Ana arıların mövcudluğu

Əvvəlcə yaşlı və ya qeyri-məhsuldar ana arılar cavan islah olunmuş məhsuldar ana arılarla əvəz olunmalıdır. Ana arıların yuvalarda 2 ildən artıq qalması məsləhət deyil. Daha yaşlı ana arılarının qışlama dövründə ölüm riski 50 faizdən yuxarıdır. Yaxşı olar ki, hər bir arıçı ana arıları öz arxasında mövcud olan sağlam və məhsuldar arı ailələrində yetişdirsin.

Xəstəlik və ziyanvericilərə qarşı tədbirlər

Xəstəliklər və ziyanvericilərə qarşı kompleks müalicədə profilaktik tədbirlərin vaxtında və düzgün aparılması mühüm rol oynayır. Balda və digər arıçılıq məhsullarında qalıntı saxlayan kimyəvi tərkibli dərman preparatlarının əvəzinə orqanik tipli müalicə vasitələrindən istifadə etmək məsləhətdir.

Cavan işçi arıların yetişdirilməsi

Pətəklərdən bal götürüldükdən sonra cavan işçi arıların yetişdirilməsinə maksimum diqqət ayırmaq lazımdır. Unutmaq olmaz ki, qışlama dövrünü cavan kütlədən ibarət güclü arı ailələri daha uğurla keçirir.

Pətəklərin qışlamaya hazırlanması

Pətəyin içərisində arıların tutduğu boş çərçivələr çıxarılır və yerinə bölmə taxtası qoyulur. Pətəkdən uçuş bacası daraldılır. Pətəyin içərisində artıq nəmin yığılmasının qarşısının alınması üçün uçuş bacası və havalandırma yerləri açıq saxlanılmalıdır. Açıq havada qışlama zamanı küləkdən müdafiə mütləq nəzərə alınmalıdır. Belə ki, qışlama üçün günəşin yaxşı əhatə etdiyi yer seçilməlidir. Uçuş bacasının istiqamətini elə yerləşdirmək lazımdır ki, yağışın, qarın istiqaməti ilə üst-üstə düşməsin. Pətəklərin yerdən hündürlüyü 25-30 santimetrdən az olmamalı və maillik ön tərəfə olmalıdır.

Peşəkar arıçı İslam Fətullayev yuxarıda qeyd edilənlərin bol və keyfiyyətli məhsul istehsalında başlıca amillər olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.