REGİONLAR


Arıçı Uğur İbrahimov: Bala haram qatılmasa, arı təbiətdən daim saf bal gətirər

Bakı, 10 oktyabr, AZƏRTAC

“1997-ci ildən arıçılıqla məşğul oluram. Astarada biz dədə-babadan qalma “qara arı” cinsini yetişdiririk. Bu, əslində boz Qafqaz arısı cinsidir. Qafqaz arısı bizim cənub rayonunun iqlim şəraitinə uyğunlaşmış ən məhsuldar cinsdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən XIX Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, “Uğur” kəndli fermer təsərrüfatının rəhbəri Uğur İbrahimov deyib.

Məlumata əsasən, Astara rayonunun Şuvi kəndindən gəlmiş arıçının təsərrüfatında 65 arı ailəsi var. Hər mövsüm 65 arı ailəsindən 500-800 kiloqram bal götürür. Balı əsasən iyul və avqust aylarında süzür və onun tərkibində cökə, cır xurma, qızılgöz və subtropik bitkilərin hektarı daha üstünlük təşkil edir.

Yarmarkaya çiçək tozu və vərəmum də gətirdiyini deyən arıçı çiçək tozunun insanın immunitetini gücləndirdiyini və mədə-bağırsağın ən gözəl dərmanı olduğunu bildirib.

Onun sözlərinə görə, bu çiçək tozundan ən çox idmançılar istifadə edirlər. Onlar üçün əlverişlidir, çünki bu çiçəklər insan enerjisini artırmağa müsbət təsir göstərir. Vərəmum mədədə olan yaranı sağaldır və bağırsaqdan şlakları təmizləyir. Əlbəttə, onların xüsusi hazırlanma qaydası var. Arıları da bəsləmək lazımdır. Mövsümdə, may ayında onları Lerik dağlarının yaylaqlarına çıxarırıq və ölkəmizin təbii bitki örtüyü biz arıçılara saf bal almaq üçün geniş imkanlar yaradır. Bir sözlə, əgər bala haram qatılmasa, arı təbiətdən daim saf bal gətirər”.

Uğur İbrahimov arıçılığın inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdar olduğunu söyləyib: “Mən ölkə rəhbərliyinə biz arıçılara hər cür şərait yaratdığı üçün təşəkkürümü bildirirəm. Artıq hər arı ailəsinə görə 10 manat subsidiya ayrılıb. Biz arıçıların da izafi xərcləri olur. Məsələn, çərçivələr və arı yeşikləri sifariş verir, müxtəlif dərmanlar alırıq. Bundan əlavə, nəqliyyat xərcləri çəkirik. Subsidiya bizim xərclərin bir hissəsini aradan qaldırmaq üçün çox yerində verilmiş bir dəstəkdir. Özüm Hərbi Akademiyanı bitirmişəm. Müdafiə Nazirliyi tərəfindən “Azərbaycanın 100 illiyi” və digər döş nişanları ilə təltif olunmuşam. Qarabağ döyüşlərinin iştirakçısıyam. Mənim üçün əziz olan bir xatirəni söyləmək istərdim. Qarabağ döyüşlərində mən leytenant rütbəsində vuruşmuşam və qayıtdıqdan sonra mənə baş leytenant rütbəsini ulu öndərimiz Heydər Əliyev şəxsən təqdim edib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.