REGİONLAR


“Arıçılara məsləhət budur ki, pətəklərdəki çərçivələrə kimyəvi vələmum listləri yerləşdirməsinlər” - təcrübəli arıçı VİDEO

İsmayıllı, 12 fevral, AZƏRTAC

Arı pətəklərinə boş çərçivələr qoyulmalıdır ki, onu arı özü toxusun. Yoxsa ki, indi çoxları o çərçivələrə kimyəvi vələmum listləri yerləşdirirlər. Düzdür, arı özü toxuduğu çərçivəni tamamilə balla doldura bilmir. Amma həmin bal ən təmiz bal sayılır. Arıçılara məsləhətim budur ki, pətəklərdəki çərçivələrə kimyəvi vələmum listləri qoymasınlar. Arının öz ağızı ilə toxuduğu təmiz şan balı digərləri ilə qarışdırılmamalıdır. O, ən təmiz bal sayılır.

Bunu AZƏRTAC-a müsahibəsində İsmayıllının Gideyli kəndinin sakini, arıçı Allahyar Əliyev deyib.

Arıçılığa göstərilən dövlət qayğısından razılıqla danışan Allahyar Əliyevin arı təsərrüfatında 22 yeşik var: “Sağ olsun dövlətimiz, 2018-ci ildən arıçılara hər yeşiyə görə 10 manat subsidiya verir. Çalışırıq ki, bu vəsaitdən səmərəli istifadə edək, gələn il 22 yox, 50 yeşik arımız olsun. Hazırda bizim kənddə minədək arı ailəsi var. Yerlərdə yaradılmış komissiya üzvləri gəlirlər, pətəkləri qeydiyyata alırlar. Sonra həmin qeydiyyata əsasən subsidiya ayrılır”.

Adətən ildə bir dəfə, bəzən isə may və avqust ayları olmaqla iki dəfə bal süzdüyünü vurğulayan Allahyar Əliyev bildirib ki, bal süzüldükdən sonra arılara qulluq olunmalı, dərmanlanmalı, qışa hazırlıq görülməlidir.

“Təmiz balı necə bilmək olar” deyə soruşduqda isə təcrübəli arıçı qeyd edib ki, təmiz bal ilə əlavə qatılmış balı ayırmaq çox asandır: “Balı qaşıqla götürəndə nazik telin dartılaraq tez qırılması və qırılan kimi sürətlə yığılması onun keyfiyyətsizliyinin əlamətidir. Təmiz bal qaşıqdan süzüləndə tel qırılmamalıdır. Başqa bir üsul da var. Keyfiyyətli bal qaynar su dolu stəkana süzüldükdə suya tez qarışmır. Lopa şəklində stəkanın dibinə çökür. Saxta bal isə əksinə, suya tez qarışır. Çünki qlükoza isti su ilə tez reaksiyaya girir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.