REGİONLAR


Arıçılıq, quşçuluq və heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

Zaqatala, Qazax və İmişli rayonlarında arıçılıq, quşçuluq və heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri”, “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri”, “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında təlimlər keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimlər Zaqatala, Qazax və İmişli rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən təsərrüfat və idarə şəraitində aparılıb. Zaqatala Baytarlıq İdarəsində arıçılıqla məşğul olan bir qrup fermerə səyyar formada “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlimdə iştirak edən arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması və arıların Avropa çürüməsi xəstəliyi haqqında ətraflı məlumatlar verilib. Eləcə də təlim zamanı arıçılarla Avropa çürüməsi xəstəliyinin başvermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri barədə söhbətlər edilib. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə olmalıdır.

“Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim Qazax rayonunun Hüseynbəyli kənd sakini Anar Zeynalova məxsus 2 min 540 baş quş saxlanılan təsərrüfatında baş tutub. Təlimdə iştirak edən fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilərək xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu bildirilib. Eləcə də təlimdə sahibkarlara məxsus quşların xüsusi təhlükəli xəstəliklərinə qarşı peyvənd edilməsinin vacibliyi qeyd edilib.

“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında keçirilən təlimlər İmişli rayonunda Sahil Rəhmanova məxsus 600 baş “Holiştin-friz” və “Simmental” cinsindən olan damazlıq mal-qara saxlanılan “İmişli R-Aqro” heyvandarlıq təsərrüfatında baş tutub. Təsərrüfat şəraitində keçirilən təlimdə həm iribuynuzlu heyvanların qan-parazitar, həm də xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən danışılıb. Qan-parazitar xəstəliyin gənələr vasitəsilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Heyvanlar qan-parazitar xəstəlikləri ilə xəstələndikdə mütləq baytar həkiminə müraciət edilməsi, akarasid dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib. Eyni zamanda, qan-parazitar xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında məlumat verilib.

Həmçinin təlimdə iştirak edən fermerlərə qarayara və dabaq xəstəliklərinin başvermə səbəbləri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verilərək xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığı və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyi bildirilib.

Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.

Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də özbaşına-baytar həkiminin iştirakı olmadan sahibkarlar tərəfindən heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.

Təlimlərdə, həmçinin xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.