İDMAN


Arif Abdullayev: Bəzi gənc güləşçilərimiz Bakı çempionatında ümidlərimizi doğrultdular

Bakı, 19 noyabr, AZƏRTAC

İki illik fasilədən sonra güləşçilərimiz Bakı çempionatında mübarizə apardılar. Yüksək səviyyədə təşkil olunan yarışda idmançılarımızın öz potensiallarından maksimum istifadə etmələri üçün hər cür şərait yaradılmışdı.

Bu sözləri sərbəst güləş üzrə yığma komandanın məşqçisi Arif Abdullayev AZƏRTAC-a müsahibəsində deyib.

Yarışda gənc güləşçilərin bəzilərinin ümidləri doğrultduqlarını vurğulayan məşqçi bildirib: “Bu ilin dekabrında güləş üzrə respublika çempionatı keçiriləcək. Yığma komandanın əsas üzvlərindən bəziləri yarışa hazırlaşdıqları üçün Bakı çempionatında iştirak etməsələr də, turnirin səviyyəsi yüksək idi. Yarışda bəzi gənc güləşçilərimizi sınadıq və onlar ümidləri doğrultdular. Belə ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan İzzət Cəfərovu əvvəllər yığmada görməsək də, o, burada potensialını nümayiş etdirdi. Eləcə də, 65 və 70 kiloqram çəki dərəcələrində güləşçilərimiz yüksək ustalıq göstərdilər”.

Məşqçi pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, güləşçilərin yaxşı formada olduqlarını vurğulayıb. O, gənclər arasında dünya çempionatının, eləcə də bir sıra nüfuzlu yarışların mükafatçısı Mahir Əmiraslanovun 61 kiloqram çəki dərəcəsində yaxşı inamlı təsir bağışladığını və medal qazandığını bildirib.

Arif Abdullayev güləşçilərin perspektivlərindən və qarşıdakı yarışlara hazırlıqlarından da danışıb: “Bakı çempionatının nəticələri təhlil olunacaq və bu, güləşçilərin hazırlığı prosesində nəzərə alınacaq. Turnir idmançılarımızın hazırlığı, yarış təcrübələrini zənginləşdirmələri baxımından faydalı oldu. Qarşıda bizi Azərbaycan çempionatı gözləyir. Bu nüfuzlu yarışda pəhləvanlarımızı bir daha sınaqdan keçirəcəyik. Çempionatın nəticələrinə əsasən, yığma komandanın tərkibi müəyyənləşəcək. Güləşçi və məşqçilərimiz bu yarışa ciddi hazırlaşırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.