İQTİSADİYYAT
Arif Əsgərov: Ekspress qatarların ləğvi və ya vaqonlarının sayının azaldılması sərnişin azlığı ilə bağlıdır
Bakı, 6 dekabr (AZƏRTAC). Azərbaycanda avtomobil yollarının yenidən qurulması və bu yollarda sürətin artması ekspress qatarların rentabelliliyinin aşağı düşməsinə səbəb olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov jurnalistlərə müsahibəsində bildirmişdir.
QSC sədri demişdir ki, ölkənin bir sıra şəhərlərinə hərəkət edən ekspress qatarların ləğvi və ya vaqonlarının sayının azaldılması sərnişin azlığı ilə bağlıdır. Bu gün Azərbaycanda beynəlxalq standartlara uyğun yeni yollar salınır, magistrallar yenidən qurulur. Bu isə həmin yollarla hərəkət edən avtobusların sürətinin artmasına səbəb olur. Buna görə də vətəndaşlarımız avtomobillə səyahət etməyə üstünlük verirlər. Amma gələcəkdə dəmir yolunda yenidənqurma işləri başa çatandan sonra qatarların sürətini saatda 140 kilometrə çatdırmaq mümkün olacaqdır. Yəqin ki, bundan sonra sərnişinlərdə qatarlardan daha çox istifadə etmək istəyi yaranacaqdır.