ELM VƏ TƏHSİL
Arif Məlikov məhsuldar fəaliyyəti ilə Azərbaycan tarixində və mədəniyyətində dərin iz buraxıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli bəstəkar, Xalq artisti, Dövlət Mükafatı laureatı, akademik Arif Məlikovun anadan olmasının 85 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın Humanitar Elmləri Bölməsi ilə Memarlıq və İncəsənət İnstitutu tərəfindən birgə təşkil olunub.
Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri yığıncaqda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə görkəmli bəstəkar A.Məlikovun yaradıcılıq yolundan söhbət açıb. Bildirilib ki, böyük sənətkar məhsuldar fəaliyyəti ilə Azərbaycan tarixində və mədəniyyətində iz buraxmağı bacarıb və həm bəstəkar, həm rəssam, həm müəllim, həm də siyasi xadim kimi ölkəsinə xidmət göstərib.
Ə.Salamzadə görkəmli bəstəkarın yaradıcılığının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, onun Azərbaycanın ən yüksək mükafatlarına layiq görüldüyünü vurğulayıb. A.Məlikovun keçmiş dövrlərin musiqi mədəniyyətinin klassik ənənələrini, eyni zamanda, bütün müasir musiqi cərəyan və istiqamətlərini əsaslı şəkildə mənimsədiyi və bütün bunların hamısını öz yaradıcılıq üslubunda emal etdiyi bildirilib. Qeyd olunub ki, A.Məlikov dahi bəstəkar, istedadlı rəssam, dirijor, təcrübəli pedaqoq olmaqla yanaşı, həm də AMEA-nın həqiqi üzvüdür. Görkəmli sənətkarın əsərləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Buna misal olaraq bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.
Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli görkəmli Azərbaycan bəstəkarının müasir musiqi mədəniyyətində ən parlaq şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, A.Məlikov çoxlu sayda sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib. O, mahir pedaqoq kimi zəngin təcrübəsindən bəhrələnərək uzun illərdən bəri istedadlı musiqiçilər nəslinin yetişdirilməsində böyük xidmətlər göstərir. T.Kərimli görkəmli sənətkarın AMEA Humanitar Elmlər Bölməsinin üzvü olduğunu da diqqətə çatdırıb.
Tədbirdə “Arif Məlikovun yaradıcılığı dünya musiqi mədəniyyəti kontekstində”, “Arif Məlikovun musiqisi dünya balet teatrında”, “Arif Məlikovun rəssamlıq fəaliyyəti” mövzularında məruzələr dinlənilib.