İDMAN
Arif Rəhimov: Azərbaycan Qran-Prisinin podratçılarının 95 faizi yerli şirkətlərdir
Bakı, 28 aprel, AZƏRTAC
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov sponsorların cəlb olunması və yerli biznesin layihədə iştiraka inteqrasiyasından bəhs edib.
AZƏRTAC xəbər verir ki, A.Rəhimovun sözlərinə görə, Azərbaycan Qran-Prisinin podratçılarının 95 faizi yerli şirkətlərdir. O qeyd edib: “Yerli biznes Azərbaycan Qran-Prisinə inteqrasiya edir. Onların bəziləri ilə birbaşa, digərləri ilə dolayısı yolla işləyirik. Məsələn, Qran-Pri günlərində otellər tamamilə dolu olur ki, bu da dolayısı ilə qarşılıqlı fəaliyyətdir. Bundan başqa, bu il SOCAR şirkəti titullu sponsorumuz oldu. Biz, həmçinin yerli rabitə operatorunu da cəlb etmişik, o, belə desək, dəstək sponsoru olub. Konsertlərə də sponsorları cəlb edirik. Digər tərəfdən, bizim yarımdolayı tərəfdaşlarımız da var. Çoxlu sayda podratçılarımız mövcuddur və onların 95 faizi yerli şirkətlərdir. Bu da onlara layihədə iştiraka kömək edir”.
A.Rəhimov əlavə edib ki, sərbəst yerləşmə zonasında yerli kafe və restoranlar fəaliyyət göstərir və bunun sayəsində onlar əlavə inkişaf imkanlarına malik olur, habelə özlərini yürüşə gələn qonaqlara göstərmək şansı əldə edirlər.