SİYASƏT


Armela Krasniqi: Feyk xəbərlərlə birgə mübarizədə səylərin gücləndirilməsi zərurətə çevrilib

Bakı, 5 dekabr, AZƏRTAC

Yanlış xəbərlər bütün dövlətlər və cəmiyyətlər üçün ciddi təhdid yaradır. Feyk xəbərlərin qloballaşması və onlardan kommersiya məqsədilə, siyasi kampaniyalar üçün istifadə çox təhlükəli vəziyyətə gətirib çıxarıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Albaniya Teleqraf Agentliyinin baş direktoru xanım Armela Krasniqi söyləyib.

Baş direktor qeyd edib ki, bütün bunları nəzərə alaraq yanlış məlumatlandırmaya qarşı ciddi mübarizə aparmaq lazımdır. Feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lər, xüsusilə informasiya agentlikləri sıx birləşməli, birgə mübarizə daha da gücləndirilməlidir.

Armela Krasniqi yanlış məlumatlandırma ilə mübarizəyə həsr olunan tədbirlərin vacibliyini vurğulayaraq deyib: “Bu ilin oktyabrında VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC tərəfindən təşkil edilmiş “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyada çox faydalı müzakirələr aparıldı, maraqlı ideya və təkliflər səsləndirildi. Mən də həmin sessiyada çıxış etdim. Yeri gəlmişkən, məni sessiyaya dəvət etdiyi üçün AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edirəm. Həmin sessiyada iştirak mənim üçün çox önəmli idi. Mən uzun müddətdir hamımızı narahat edən yanlış məlumatlandırmaya qarşı mübarizədə belə tədbirlərin təşkilinin çox vacib olduğu qənaətinə gəldim və Albaniyaya qayıdan kimi “İnformasiya agentlikləri feyk xəbərlərə qarşı” adlı konfrans təşkil etmək təşəbbüsünü irəli sürdüm. Bir sözlə, Tirana konfransını Bakı sessiyasının davamı hesab etmək olar. Ümid edirəm ki, AZƏRTAC və Albaniya Teleqraf Agentliyindən sonra digər ölkələrin xəbər agentlikləri də bu mövzuda tədbirlər təşkil edəcək. Bu, çox vacibdir. Əgər biz həqiqətən də feyk xəbərlərin yayılmasının qarşısını almaq istəyiriksə, bu məsələ daim diqqətdə saxlanılmalı, birgə mübarizə yolları araşdırılmalı və konkret nəticələr əldə olunmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.