CƏMİYYƏT
Arnold-Çiari I sindromuna görə əməliyyat olunmuş qadın yenidən analıq sevincini yaşayıb
Bakı, 6 fevral, AZƏRTAC
Səkkiz il əvvəl Arnold-Çiari I sindromuna görə əməliyyat olunmuş 27 yaşlı gənc qadın ikinci dəfə analıq sevincini yaşayıb. O, hamiləliyin əvvəlindən sonunadək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin ciddi nəzarəti altında olub.
Klinikanın I mamalıq ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi, mama ginekoloq-endokrinoloq Natəvan Axundova AZƏRTAC-a bildirib ki, hamiləlik zamanı düşük, vaxtından qabaq doğuş təhlükəsi, hamiləlik hipertenziyası, simptomsuz bakteriyauriya və böyrəkdə III dərəcəli hidronevroz, birincili hipotireoz, ana və döl qanının ABO üzrə izoseroloji uyğunsuzluğu aşkarlanıb: “Xəstədə tez-tez baş ağrıları, panik atak olmasına baxmayaraq, hamiləlik cərrahi yolla çəkisi 3 kiloqram 160 qram, boyu 53 santimetr olan körpənin doğulması ilə nəticələnib. Ana və körpə evə yazılıblar. Onu da qeyd etmək istərdim ki, qadın 2016-cı ildə ilk hamiləliyinin idarə olunmasını da klinikamıza həvalə etmişdi. Onda da hamiləlilik uğurla baş çatdırılmışdı".
Qeyd edək ki, Arnold-Çiari I sindromu beyincik və uzunsov beyinin anadangəlmə yerdəyişməsi nəticəsində baş beynin böyük ənsə dəliyinə doğru sıxılması və likvorodinamikanın pozulması ilə xarakterizə olunur. Həmçinin beyincik distrofiyası adlandırılan bu qüsurda ataksiya, nistaqm, iflic və bir çox nevroloji dəyişikliklər müşahidə oluna bilər.