İDMAN


Arşavin Moskvada Avropa Futbol Liqasının əsas mükafatını təqdim edib

Bakı, 20 aprel, AZƏRTAC

Şənbə günü Moskvada Avropa Futbol Liqasının əsas mükafatının ikigünlük açıq təqdimat mərasiminə start verilib.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, Avropa Liqasının əsas mükafatını Sankt-Peterburqun “Zenit” komandasının heyətində UEFA kubokunun sahibi, 2008-ci il Avropa Çempionatının bürünc mükafatçısı Andrey Arşavin təqdim edib.

Arşavin 2018/2019-cu illər mövsümünün Avropa Liqası mayın 29-da Bakıda keçiriləcək finalının səfiridir. “Aviapark” ticarət mərkəzində keçirilən mərasimdə arzu edən hər kəs iştirak edə bilər. Tədbirə giriş sərbəstdir. Gözlənildiyinə görə, bazar günü finalın digər səfiri – Samaranın “Krılya Sovetov” komandasının yarımmüdafiəçisi Aleksandr Səmədov da təqdimat mərasiminə gələcək.

Arşavin deyib: “Finalın səfiri olmağıma çox şadam. 11 il bundan əvvəl Avropa Liqasının əsas mükafatını başım üzərinə qaldırarkən keçirdiyim hissləri hələ də xatırlayıram. Bu, unudulmaz anlar idi. Bu dəfə final mənim ad günümə düşür (mayın 29-da keçmiş futbolçunun 38 yaşı tamam olur - AZƏRTAC). Ümidvaram ki, Londonun “Arsenal” komandası finala çıxacaq”.

Hazırda Avropa Liqasının əsas mükafatı uğrunda mübarizəni davam etdirən 4 klub qalıb. Hərəsi 2 matçdan ibarət olan yarımfinal oyunlarında (biri öz meydanında, digəri rəqib meydanında) İngiltərənin “Arsenal” və İspaniyanın “Valensiya”, habelə Almaniyanın “Ayntraxt” və İngiltərənin “Çelsi” komandaları qarşılaşacaqlar. İlk oyunlar mayın 2-də, cavab oyunları isə mayın 9-da keçiriləcək. Liqanın mükafatının indiki sahibi İspaniyanın “Atletiko” komandasıdır.

1971-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) himayəsi altında təsis edilmiş bu turnir əvvəlcə UEFA Kuboku adlanırdı. 2009/2010-cu illər mövsümündə turnirin adı dəyişdirilərək Avropa Liqası adlanmağa başladı. İspaniyanın “Sevilya” komandası bu turnirin rekordçusudur: o, beş dəfə (2006, 2007, 2014-2016-cı illər) turnirin qalibi olub. Rusiya komandalarından OMİK 2005-ci ildə və “Zenit” 2008-ci ildə UEFA Kuboku qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.