MƏDƏNİYYƏT
“Art management” layihəsi çərçivəsində vebinar keçiriləcək

Bakı, 8 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyunun 15-də saat 20:00-da “Art management” layihəsi çərçivəsində “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində baş tutacaq təlim qalereyanın direktoru Qalib Qasımov tərəfindən reallaşacaq.
“Zoom” tətbiqi vasitəsilə keçiriləcək silsilə treninqlərdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə ([email protected]) qalereyanın elektron-poçt ünvanına müraciət etmələri xahiş olunur.
Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Xatırladaq ki, layihəyə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətlər üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.