CƏMİYYƏT


Arterial hipertoniya xəstələri təzyiqi mütləq nəzarətdə saxlamalıdırlar

Bakı, 11 avqust, AZƏRTAC

Arterial hipertoniya əsasən təzyiqin yüksəlməsi ilə müşahidə edilən xəstəliklər sırasına aiddir. Xəstəliyin yaranması iki faktorla özünü göstərir: bizdən asılı olanlar və olmayanlar. Bizdən asılı olan faktorlara qeyri-düzgün qidalanma, artıq çəkinin olması, zərərli vərdişlər, duzlu qidaların qəbulu və fiziki aktivliyin azlığıdır. Bizdən asılı olmayan səbəblər sırasına irsi amillər, cins və yaş daxildir. Dağətəyi rayonlarda yaşayanların təzyiq probleminin olması qaçılmazdır.

Arterial təzyiq fiziki iş, qida, çay və qəhvə qəbulundan ən azı 30 dəqiqə sonra ölçülməlidir. Bundan ötəri stulda rahat vəziyyətdə oturmaq, əli stolun üzərində ürək səviyyəsində tutmaq, təzyiqölçən aparatın manjetini dirsəkdən 2 santimetr yuxarı sarıyıb onu hava ilə tam doldurduqdan sonra ölçmək lazımdır.

AZƏRTAC xəbər verir ki, həkim-nefroloq Nigar Mühəmmədli deyib: “Təzyiq normal səviyyədə 120/80 mm civə sütunu olmalıdır. Onun 130/90 mm civə sütunu olması artıq təzyiqin yüksəlməsi əlaməti kimi qiymətləndirilir. Həmin xəstələr hər səhər təzyiqi aşağı salan dərmanlardan istifadə edirlər. Lakin təzyiqin birdən-birə və kəskin yüksəlməsi zamanı xalq təbabətində istifadə edilən meyxoş meyvə və bitkilərdən, məsələn, limon, kəklikotu, nar və s. qəbul etmək tövsiyə olunur”.

Mütəxəssislərin dediyinə görə, hipertoniya dünyada ürək və insult xəstəliyinin ən başlıca səbəblərindən sayılır. Nəzarət edilməyən hipertoniya infarkt, ürək genişlənməsi və nəticədə ürək çatışmazlığına səbəb olur. Həkim-nefroloq deyib ki, hipertoniya, eləcə də böyrək çatışmazlığı, beyin-qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnə bilər. “Müayinə zamanı qanın və sidiyin ümumi analizi, qanın biokimyəvi göstəriciləri, lazım gələrsə elektrokardioqrafiya və exokardioqrafiya edilir. Bəzən xəstələrdə göz, böyrək, beyin və ürək zədələndiyi üçün həmin orqanlar birgə nəzarətdə saxlanılmalıdır. Arterial hipertoniyaya məruz qalanlar qidalanma və təzyiqi daim nəzarətdə saxlamalıdırlar”.

Yüksək təzyiq probleminə qarşı əsas mübarizə üsullarından biri də nizamlı şəkildə idman hərəkətləri etməkdir. Piyada gəzmək, qaçış, üzgüçülük və velosiped sürmək təzyiqi normada saxlamaq baxımından vacibdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.