MƏDƏNİYYƏT


“Artım” layihə məkanında “Periferik genişlənmə” adlı qrup sərgisi açılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

“Artım” layihə məkanında rəssamlar Aydan İsmayılova, Cavid Qurbanov, Emin Mathers, Luçiana Ohira, Serсio Bonilha, Səbinə Əliyeva, Tural Rəhmanlı, Vüsal Rzasoy və “Calembour” “Kekalove” “22” kollektivlərinin əsərlərindən ibarət “Periferik genişlənmə” adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Periferik genişlənmə” – həyatın ən az diqqət yetirilən, laqeyd yanaşılan və “yuxarıdan aşağı baxılan” aspektlərinə işıq salan silsilə əsərlər vasitəsilə, əsas və periferik dixotomiya (haçalanma) paradoksunu araşdıran rəssamlar qrupunu bir araya gətirib. Sərgi kompleks hibrid sistemi araşdırır. Bu sistemdə “mərkəzi” və “periferik” qarşılıqlı əlaqə canlı orqanizm kimi çıxış edir və nəyin əsas, nəyin isə periferik olması, qarşılıqlı əvəzlənə bilən proseslər kimi qəbul edilməsi (və ya edilməməsi) ilə bağlı suallar arasında silinmiş sərhəd məsələsi üzərində işləyir. Sərgi mərkəzi və periferik aspektlərin subyektiv qavranılmasını, ayrı-ayrı şəxslərdə, eləcə də qloballaşmanın caynağına keçmiş cəmiyyətdə koqnitiv proseslərin əks olunmasını araşdırır. Dinamik sərgi məkanının interyeri vasitəsilə özünü ifadə edən bu sərgi, tamaşaçının diqqətini insanın mövcudluğu və qavrayışı kimi periferiyaları çərçivəsində, səthdən geridə qalan amilə cəlb etməklə, tamaşaçıları hansı duyğuların mövzu ilə uyğunluq təşkil etməsini araşdırmağa cəlb edir.

Rəssam Aydan İsmayılovanın “Diffuziya” adlı instalyasiyası, bioloji və texnoloji inkişaf arasında əlaqələri araşdırmağa çalışır. Əsər Everett Rocersin "İnnovasiyaların diffuziyası” nəzəriyyəsinə əsaslanır və yeni ideya və texnologiyaların məkan üzrə paylanmasını təqdim edir. Fizika termini olan diffuziya bir maddənin molekul və ya atomları ilə digər maddənin molekul və ya atomları arasında qarşılıqlı müdaxilə prosesini təsvir edir və bu proses, domino strukturunda çox gözəl əks edilən xüsusi çalara bənzəyir.

“POP UP” – italiyalı rəssamlar Laura Miqliano və Ciorcia Petri cütlüyündən ibarət “Calembour” kollektivinin qısametrajlı videosudur. Video bəzi xəbərdarlıq mesajlarını əks etdirən GİF animasiya faylları şəklində internet kontentini özündə qarışdırır və onları, süjet xətti olmayan, yeni hipermətn hekayə qismində, “popup” (dialoq pəncərəsi) formasında yenidən təsvir edir. Bu da öz növbəsində müxtəlif obrazlar, mətnlər, ellipslər, proloq və epiloqları olan hər hansı ssenari, hekayə lövhəsi qismində, filmlər formasında yeni estetikada məşhur bir poeziyaya çevrilir.

“Həyat zindanı” – Cavid Qurbanovun silsilə fotolardan dialoq kimi qurduğu hekayədir. Burada qayğısız, dəbdəbəli həyatın digər, qaranlıq tərəfi təsvir olunur. Bu qaranlıqda hər bir detal işıqlandırılır. Bu fotosilsilə, evsiz-eşiksiz, ehtiyac içində yaşamalarına baxmayaraq, öz ümid çıraqlarını itirməyən və onu qaranlıqda axtaran insanlardan bəhs edir. Fotosilsilədə həyatın məşəqqətli yükünü öz kiçik dünyalarında daşıyan uşaqlar, səmadakı buludları evlərinin damı hesab edən evsiz-eşiksiz adamlar və kölgədə qalmaq istəyən insanlar təsvir edilir.

Deyirlər ki, “Kainatın makrodünyası, düşüncənin mikrodünyasında əks olunur”. Bunu Emin Mathersin irimiqyaslı “NOVA III” instalyasiyasında görmək olar. Əsər insan enerjisinin yeri və bu enerjinin bütövlükdə həm bəşəriyyət sisteminə, həm də cəmiyyətə istinad edə bilən makroaləmdə təxəyyülü materiallaşdırmaq potensialı ətrafında cərəyan edən suallara nəzər salır. Fotoinstalyasiya “sərhədsiz əbədiyyətin yüksək səviyyəli qavrayışı” təcrübəsini yaradır.

İki braziliyalı rəssam, Luçiana Ohira və Sercio Bonilhanın “Damarlar” layihəsi, İçərişəhərin görünən və görünməyən laylarını özündə birləşdirən interaktiv qurğu yaratmağa çalışırlar. Orqanik şüşədən hazırlanmış qutunun içi alüminium tozu ilə örtülüb və daha çox klassik “Sehrli ekran” (Etch a Sketch) oyununa bənzəyən çertyoj maşınını xatırladır. Sistem noutbuka qoşulmuş xüsusi planşet vasitəsilə işə düşür. Planşet məlumatları layihə üçün xüsusi olaraq proqramlaşdırılmış izləmə aplikasiyasından əldə edir və qeydiyyatdan keçmiş istifadəçi bu aplikasiyanı Android və ya IOS ilə çalışan smartfonlarına yükləməlidirlər. Hər bir istifadəçinin yerdəyişməsi, real zamanda xətlərlə müşayiət olunur, daha sonra isə bu xətlər, İçərişəhərin küçələri və bəzi binalarının daxili məkanlarının görünən xəritəsinə çevrilir. Demək olar ki, bu layihə, öz damar və hüceyrələrini göstərən canlı orqanizm kimi, şəhərin metaforasını təşkil edir.

Səbinə Əliyevanın “Oyanış” əsəri, bir çoxlarının üzləşdiyi, həyatın keşməkeşli anlarının nəticələrinə məruz qalan “şəxsiyyətin transformasiyası” mövzusunu araşdırır. Bu, tamaşaçı və əsərin özü arasında emosional bir dialoqdur. Oyanış – “işıqlandırma” və ya hər hansı “ilahi məqam” kimi, şəxsiyyət problemlərinin müxtəlif aspektlərini, tənhalıq və cəmiyyətdən uzaqlaşma kimi ekzistensial məsələyə nəzər salır. Karl Marksa görə, bu vəziyyət hər hansı şəxsiyyəti öz insan qəbiləsindən ayırır, şəxsiyyətlərin aktual sosial problemlərini əks etdirir.

Feşn-dizayn sahəsində çalışan “Kekalove” startap kollektivi sərgi üçün inklüziv geyimin nümunəvi bir hissəsini yaradıb. Bu geyim öz hədəf qrupuna kömək etmək yollarını axtarır və xüsusi ehtiyacları, əlilliyi olan insanları, yaşlılara, bir sözlə, qeyri-ənənəvi bədən tiplərinə malik hər kəsə, geyinmə prosesini asanlaşdıran, daha rahat, çevik və münasib geyim ilə təmin edir.

Tural Rəhmanlının “Ukrayna” adlı fotosilsiləsi, təkcə reportaj və incəsənət deyil, həmçinin müxtəlif insanlar və xronikalar arasında bağlantını yaradır. Müəllif hər hansı xarici ölkəyə səfəri və onun qaranlıq fonunu “poeziya dili” kimi təqdim edir. Bununla, o, Ukraynanın sosial böhranına və bundan əziyyət çəkən cəmiyyətə ünvanlanır. “Ukrayna” – bir çox hadisələrdə keçmişin pəncərələri ilə sınaqdan keçmiş, indiki dövrün cəmiyyətinə növbəti bir baxışdır. Müəllif bu fotoşəkillərin “soyuqluğunu” tamaşaçını sosial problemləri anlamağa dəvət edən, böyüdülmüş planda insan portretləri ilə əvəz edir.

“Yerli söhbət: qoy danışsınlar balam” adlı səs instalyasiyasında Vüsal Rzasoy, taksilər, çayxanalar kimi dialoq zonalarında aparılan, adətən, bir o qədər əhəmiyyət yetirilməyən, yersiz keçid söhbətlərini ifadə etməyə çalışır. Bu əsər diqqəti xüsusi olaraq cəmiyyət daxilində gender problemlərinə yönəldən, müxtəlif sosial statuslara malik insanların söhbətlərini xaotik xronologiyada əks etdirən səs və musiqi ardıcıllığından ibarətdir. Bu isə haradasa yerli əhalinin mentalitetini özündə əks etdirən söhbətlər vasitəsilə adda-budda, məzmunsuz satiraya bənzəyir.

Sərgi noyabrın 29-dək ziyarətçilər üçün açıq qalacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.