MƏDƏNİYYƏT
“Artım”da növbəti film – “Burkinabe səxavəti: Burkina-Fasoda aqroekologiya”
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı “Artım” layihə məkanında davam edən “Periferik genişlənmə” sərgisi çərçivəsində “Burkinabe səxavəti: Burkina-Fasoda aqroekologiya” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, ekran əsəri rejissor İara Li tərəfindən çəkilib və Qərbi Afrikanın kiçik, dənizə çıxışı olmayan ölkəsi – Burkina Fasodakı kənd təsərrüfatına müqavimət və qida suverenliyi uğrunda mübarizədən bəhs edir.
Film fəal fermerlər, tələbələr, rəssamlar və “Slow Food” hərəkatının liderlərinin öz adət-ənənələrini və torpaqlarının kollektiv kənd təsərrüfatına məcburi daxil edilməsinə qarşı çıxmasını, həmçinin qadınların “dolo” pivəsi sataraq iqtisadi azadlıq qazanmasından, gənclərin “Monsanto” kimi şirkətlərə qarşı nümayişlər etməsinə, hip-hop musiqiçilərinin Tomas Sankaranın inqilabi ruhunu yenidən canlandırmasına qədər insanların öz qidaları, toxumları və gələcəkləri üzərindəki nəzarəti geri qazanmaq üçün istifadə etdikləri bütün yeni taktikaları əhatə edir.