İDMAN
Artyom Markelov: “Baku City Circuit” trasında sürət çox yüksəkdir
Bakı, 24 aprel, AZƏRTAC
Bəhreyndə Formula 2 yarışlarının bütün say-seçmə azarkeşləri Artyom Markelovdan danışırdılar: pit-leyndən start götürən Markelov finiş xəttinə üçüncü çatdı, ertəsi gün isə sprintdə qalib gəldi. İndi “Russian Time” komandasının yürüşçüsü və “Renault” komandasının test-pilotu gənclər arasında Bakıda keçiriləcək ikinci mərhələyə hazırlaşır.
-Siz “Renault” komandasına uyğunlaşmısınızmı?
-Bu komanda ilə mənim ilk tamdəyərli uik-endim Bəhreyndə oldu və mənə güclü təsir bağışladı. “Renault” ilə işləmək mənim üçün çox faydalıdır. Mən mexaniklər, mühəndislər və yürüşçülərlə ünsiyyətdə oluram, onlardan çox şey öyrənirəm. Mühəndislərin söhbətlərini dinlədikcə maşın haqqında çoxlu yeni məlumatlar öyrəndim. Hələ mənimsəməli olduğum informasiya çoxdur və bütün bunları öyrənmək mənim vəzifəmdir.
-Bəhreyndə Formula 2 yarışlarının birinci mərhələsində hadisələrin gedişini siz tənzimləyirdiniz. Bu, xoşunuza gəlirdimi?
-Bu, çox yaddaqalan uik-end idi. Mən trasda işləyərkən təmkinimi qoruyub saxlaya bildim. Seçmə mərhələ o qədər də yaxşı olmadı, şənbə günü yürüş ərəfəsində maşınımın mühərriki söndü və mən pit-leyndən start götürməli oldum. Fikirləşirdim ki, nə üçün belə oldu? Amma mühəndislər mənə sakitləşməyi məsləhət gördülər, mən də bu məsləhətə əməl etdim və biz podiuma yüksələ bildik. Əslində mən bunu heç gözləmirdim!
Bazar günü sprintdə 6-cı mövqedən start götürdük, 1-ci döngəyə yaxınlaşanda mən üçüncü yerdə idim. İki dövrədən sonra ikinci, daha sonra birinci yerə keçdim. Şinlərin imkanlarından maksimum səmərə ilə istifadə etməyə çalışırdım və yekunda qalib gəldim.
-Bakıdakı şəhər trası barədə nə deyə bilərsiniz?
-Bu, çox maraqlı trasdır. Keçən il yürüş iyunun axırlarında keçirildi. O vaxt hava çox isti idi. Bu dəfə isə havanın hərarəti yəqin ki, xeyli aşağı olacaq. Ümid edirəm ki, yağış yağmayacaq, əks halda yağış şəhər trasında vəziyyəti mürəkkəbləşdirə bilər. “Baku City Circuit” trasında sürət çox yüksəkdir və maneələrə çırpılmamaq üçün diqqətli olmaq lazımdır.
Şənbə günü keçiriləcək Formula 2 yürüşündə müxtəlif taktiki sxemlərdən istifadə etmək mümkün olacaq və biz öz planlarımızı elə tərtib edəcəyik ki, qələbə şansımız yüksək olsun. Keçən il Azərbaycanda podiuma qalxa bilmədim. Amma bu dəfə ümid edirəm ki, vəziyyət dəyişəcək.
-Keçən həftə siz Enstounda “Renault” bazasında ilk dəfə simulyatorda işlədiniz. Bu sizə necə təsir bağışladı?
-Bu, maraqlı məsələdir. Mən hər yeni dövrədə daha yaxşı pilotluq edirdim. 8 sürət ötürməsi və döngələrdə sıxma qüvvəsi tamamilə sənin sərəncamındadır. Bu da xoşagələn haldır. Ümid edirəm ki, “Renault” komandasının yürüşçülərinin çıxış etdiyi maşının nizamlanmasına öz töhfəmi verə biləyəcəm.
-2018-ci il mövsümündən nə gözləyirsiniz?
-Fikrimcə bu mövsümdə mənim məqsədim “Renault” komandası ilə əməkdaşlıq edərək mümkün qədər çox informasiya əldə etməkdir. Tezliklə Formula 1 maşınının sükanı arxasına keçmək imkanım olacaq. Mən Formula 2-də titul qazanmaq istəyirəm və bunun üçün mübarizə aparacağam, amma avtomobil idmanında hər şey ola bilər. Yürüşlərdə pis çıxış etmirəm, ixtisas məsələsinə gəldikdə isə burada hələ çox çalışmalıyam.