SİYASƏT


“Arutz Sheva”: Azərbaycanlılar onlar üçün müqəddəs sayılan Şuşaya qayıtmalı idilər və qayıtdılar

Bakı, 17 noyabr, AZƏRTAC

Dağlıq Qarabağda atəşkəs haqqında 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub.

Bu il oktyabr ayında Azərbaycanın ikinci böyük şəhəri Gəncə Ermənistan tərəfindən “SCUD” ballistik raketləri ilə atəşə tutulub. Nəticədə Azərbaycanın azı 13 nəfər mülki vətəndaşı, o cümlədən 2 uşaq öldürülüb, 40-dan çox adam yaralanıb. Beləliklə, Gəncə Azərbaycanın Sderotuna çevrilib, çünki Ermənistan silahlı qüvvələri Gəncənin dinc sakinlərini və şəhərdəki digər qeyri-hərbi hədəfləri daim atəşə tutub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin icrası direktoru Arye Qut bu barədə İsrailin populyar “Arutz Sheva” xəbər portalında dərc edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ amanabənd sülhü davamlı olacaqmı?” sərlövhəli məqaləsində yazır.

Məqalə müəllifi qeyd edir ki, ermənilərin raket hücumları nəticəsində binalar tamamilə dağıdılıb. Arye Qut vurğulayır: “Uşaqlar yetim qalıb, yaralıların çoxu ömürlük şikəst olub. Üstəlik, Sderot kimi Gəncə şəhəri də cəbhə xəttindən uzaqda yerləşir. Lakin təəssüf ki, bütün dünyada KİV-lərin çoxu Ermənistanı deyil, Azərbaycanı təcavüzkar elan edir, hərçənd 30 ildən artıqdır ki, məhz Azərbaycan erməni təcavüzünün qurbanıdır. Əslində, Azərbaycan Ermənistanın təcavüzünə reaksiya verməyə məcbur idi, lakin Azərbaycan Ermənistan ərazisinə hücum etmədi. O, yalnız beynəlxalq hüquqa əsasən ona məxsus olan ərazisinin bütövlüyünü bərpa etməyə çalışırdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinə əsasən, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir”. İsrailli analitik vurğulayır ki, 1990-cı illərin əvvəlində Ermənistan üçüncü dövlətin hərbi-siyasi və maliyyə dəstəyinə güvənərək, Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib, bu ərazidə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıb.

Arye Qut yazır: “Ermənistanın bu təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon, yəni Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib, 1 milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

1992-ci il dəhşətli fevral gecəsində Xocalıda baş vermiş hadisələr sənədli videomateriallarla, canlı şahidlərin, həmin vaxt Azərbaycanın Xocalı şəhərində olmuş xarici jurnalist və ekspertlərin ifadələri ilə təsdiqlənən real hadisələrdir.

Bu amansız etnik təmizləmə aktında Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə aralarında 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin olduğu 613 nəfər qətlə yetirilib, bundan əlavə, 487 nəfər şikəst edilib, 1275 əsir götürülüb, aralarında 68 qadın və 26 uşağın olduğu 152 nəfər isə itkin düşüb. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, yüzlərlə şəxs zorakılığa və isgəncəyə məruz qalıb. Bu insanların belə qəddarlığa məruz qalmasının yeganə “səbəbi” onların azərbaycanlı olması idi.

Mən soruşuram: Bu erməni faşistlər 1940-cı illərdə mənim xalqımın 6 milyon nümayəndəsini məhv etmiş alman faşistlərindən nə ilə fərqlənir? Onlar İŞİD yaraqlılarından nə ilə fərqlənir? Cavab aşkardır – heç nə ilə.

Bosniya və Herseqovina, Honduras, Kolumbiya, Çexiya, Qvatemala, İordaniya, Meksika, Panama, Peru, Pakistan, Rumıniya, Serbiya və Sudan hökumətləri Xocalıda törədilmiş soyqırımına görə Ermənistanı rəsmən pisləyib və bu soyqırımına ədalətli münasibət göstərilməsini tələb ediblər. ABŞ-ın 20-dən çox ştatı da Xocalı soyqırımını pisləyən qətnamələr qəbul ediblər”.

İsrailli ekspert öz məqaləsində Azərbaycanın hərbi qələbəsi, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə yazır. O, Azərbaycanın qədim Şuşa şəhərinin azad edilməsi barədə söhbət açaraq yazır: “1991-ci ildə Birinci Qarabağ müharibəsi dövründə Şuşadakı bina və tikililərin çoxu dağıdılıb. Azərbaycanın işğal edilmiş torpaqlarında mədəni və dini irsin məhv edilməsi, talan olunması, murdarlanması məqsədilə Ermənistanın qərəzli siyasəti çərçivəsində təkcə Şuşada 170-dən çox memarlıq abidəsi, 160 mədəni və tarixi abidə, məscidlər və nadir əlyazmalar ermənilərə xas olan vandalizm nəticəsində məhv edilib. Azərbaycanın bu incisi 28 ildən artıq müddətdə erməni işğalçıların əlində olub.

Azərbaycanlılar həmişə fəxr edirlər ki, bu xalqın incəsənətinin, mədəniyyətinin və musiqisinin Üzeyir Hacıbəyli və Rəşid Behbudov, Natəvan və Xan Şuşinski kimi ən parlaq nümayəndələri bu şəhərdə doğulublar. Ona görə Şuşa azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin populyar “Arutz Sheva” xəbər portalında dərc edilmiş məqaləsinin sonunda yazır: “Mən bilirəm ki, bütün bu illər ərzində Şuşa Azərbaycanın parlaq tarixini, onun mərd oğul və qızlarının Vətən yolunda canlarından keçməsini xatırlayaraq ağlayıb. Lakin biz ağlamırıq, çünki Azərbaycan xalqının zəif olmağa haqqı yoxdur. Öz əsgər və zabitlərinin mərdliyi sayəsində Azərbaycan yaxın günlərdə bu gözəl tarixi şəhərə qayıtdı və onu erməni işğalından azad etdi. Azərbaycan Şuşanın itirilməsi ilə heç vaxt razılaşa bilməzdi. Azərbaycanlılar onlar üçün müqəddəs sayılan Şuşaya qayıtmalı idilər və qayıtdılar!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.