ELM VƏ TƏHSİL
Əruzşünaslığa dair yeni monoqrafiya
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Elnurə Babayevanın “Əbdürrəhman Caminin “Risaleyi-əruz”unun türkcə tərcüməsi və onun tekstoloji-filoloji xüsusiyyətləri” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, təqdim olunan monoqrafik araşdırma klassik fars ədəbiyyatının ən böyük nümayəndələrindən biri, XV əsrdə yaşayıb-yaratmış Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri haqqındadır. Tədqiqat işi Caminin farsca yazdığı bu əsərinin XIX əsrdə türkcəyə tərcümə olunmuş mətni üzərində aparılıb.
Monoqrafiyada Əbdürrəhman Cami bir əruzşünas kimi tanıdılıb və onun “Risaleyi-əruz” əsərinin osmanlıca tərcüməsinin tekstoloji xüsusiyyətləri tədqiq olunub. Əsərin orijinalı ilə Cəfər Təyyarın türkcəyə tərcümə etdiyi mətn arasındakı oxşar və fərqli filoloji xüsusiyyətlər araşdırılıb. Bu araşdırma Azərbaycanda Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsərinin türkcə tərcüməsi və onun tekstoloji-filoloji xüsusiyyətləri mövzusunda ilk addımdır.
Kitabın elmi redaktorları Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və professor Tərlan Quliyev, rəyçiləri isə filologiya üzrə elmlər doktoru Nailə Səmədova və filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevadır.