CƏMİYYƏT
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonunun Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.