CƏMİYYƏT
Arvadını qətlə yetirməkdə şübhəli bilinən Şirvan sakini ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Bu il fevralın 26-da Şirvan şəhəri ərazisində şəhər sakini Pərvanə Nağıyevanın qəsdən öldürülməsi faktı üzrə Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Şirvan Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin əri Sahib Nağıyevin ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı Pərvanə Nağıyevanı boğması və daha sonra bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. S.Nağıyev Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.