MƏDƏNİYYƏT
Arxangelsk incəsənət məktəbində Azərbaycanın Musiqi Mədəniyyəti Mərkəzi açılıb
Moskva, 18 sentyabr, AZƏRTAC
Arxangelsk şəhəri 31 nömrəli uşaq incəsənət məktəbində M.Maqomayev adına Azərbaycan Musiqi Mədəniyyəti Mərkəzinin təntənəli açılışı olub.
AZƏRTAC xəbər verir ki, layihə “Arxangelsk vilayətinin Azərbaycan diasporu” İctimai Birliyi tərəfindən 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən elan edilmiş “Rusiya xalqlarının mədəni irsi” ilinə və Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilib.
Mərkəzin açılışında çıxış edən Arxangelsk vilayətinin Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov deyib ki, 2022-ci il Rusiyada “Rusiya xalqlarının mədəni irsi ili” elan edilib və bu çərçivədə bu ilin aprelində Azərbaycan diasporunun dəstəyi ilə M.V.Lomonosov adına Şimali Arktika Federal Universitetində görkəmli geoloq Fərman Salmanovun adını daşıyan elmi laboratoriya açılıb. Bu gün isə Müslüm Maqomayev adına musiqi mərkəzi açılır.
T.Qasımov xatırladıb ki, sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri dahi bəstəkarlar Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin həyat və yaradıcılığından danışıb.
“Bu il Rusiya və Azərbaycanda Müslüm Maqomayevin 80 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Müslüm Maqomayev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi böyük sənətkarlar xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə veriblər. Azərbaycan və Rusiya xalqları birlikdə digər ölkələr üçün gözəl nümunə olan uzun və ləyaqətli dostluq yolu keçiblər. Bizim vəzifəmiz bu nailiyyətləri qorumaq və artırmaqdır”, - deyə T.Qasımov bildirib.
Arxangelsk vilayətinin və şəhərinin müxtəlif hakimiyyət qollarının, ictimai təşkilatlarının nümayəndələri də salamlama nitqi ilə çıxış ediblər.
Tədbirdə məşhur opera müğənnisi, SSRİ və Azərbaycanın Xalq artisti Tamara Sinyavskaya, Azərbaycanın Xalq artisti Emin Ağalarov videotəbrikləri nümayiş olunub.
Mərasimdən sonra keçirilən konsertdə Azərbaycan xalq mahnıları ilə yanaşı, Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib.
Məktəbin xor şöbəsinin vokal qrupu “Cücələrim” mahnısını ifa edib. Həmçinin dinləyicilər Rafiq Məmmədovun kamançada ifasından həzz alıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva