CƏMİYYƏT
Arxangelskdə Azərbaycan günləri keçirilir
Bakı, 14 iyun, AZƏRTAC
Rusiyanın Arxangelsk vilayətində Azərbaycan günləri çərçivəsində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının, Arxangelsk vilayətinin millətlər şurası və yerli hakimiyyətin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Arxangelskdə Azərbaycan günlərinə və IX Şimal Millətlər Forumuna həsr edilmiş təntənəli konsert proqramı “Patriot” mərkəzində baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın xalq çalğı alətlərinin, milli mətbəxinin və suvenirlərin sərgisi keçirilib.
“Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov qonaqlara Azərbaycan haqqında ümumi məlumat verib. Daha sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəallarının təqdimatında Azərbaycanın xalq mahnıları və rəqsləri təqdim olunub.
Konsertdə Arxangelsk vilayəti qubernatorunun daxili siyasət üzrə müavini Aleksey Andronov, Arxangelsk Xalqlar Assambleyasının sədri Svetlana Smirnova və digər rəsmi şəxslər, yerli milli-mədəni birliklərin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.