ELM VƏ TƏHSİL


Arxeogenetik araşdırmaların aktuallığı

Bakı, 7 iyun, AZƏRTAC

İşğaldan azad olunmuş torpaqlarımızda arxeoloji qazıntıların aparılması, ilk növbədə, arxeometrik nəticələrin ortaya qoyulmasını tələb edir. Arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar (insanın yaratdığı maddi faktlar) və ekofaktların (təbii mənşəli tapıntılar) müxtəlif elm sahələri üzrə laborator analizlərə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunların sırasında arxeogenetik tədqiqatlar mühüm yer tutur.

Otuz ilə yaxın erməni işğalı dövründə düşmən tərəf zəbt etdiyi ərazilərdə qanunsuz arxeoloji tədqiqatlar zamanı əldə edilmiş ekofaktların, ilk növbədə, qədim insan skeletlərinin arxeogenetik araşdırmalarını apararaq, guya “erməni-hayların bölgənin yerli və qədim əhalisi” olmasını sübuta yetirməyə çalışıblar. Bunun üçün işğalçı dövlətin Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun nəzdində Etnogenomika laboratoriyası yaradıldı. Azıx mağarası da daxil olmaqla işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz “beynəlxalq arxeoloji və arxeometrik ekspedisiyaların” təşkilatçılarından biri olan Levon Yepiskoposyan həmin laboratoriyaya rəhbər təyin edildi.

Bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovun”Arxeogenetik araşdırmaların aktuallığı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

2015-ci ildə M.Haber, M.Mezzavilla, Y.Ksai, D.Komas, P.Qasparini, P.Zallua, Ç.Tayler-Smit kimi genetiklərin “European Journal of Human Genetics” onlayn jurnalında “Ermənilərin Tunc dövründən etibarən yaranmasının sübutları: bir neçə populyasiyanın qarışması” başlıqlı məqaləsi dərc edilir. Məqalədən görmək olar ki, işğal edilmiş torpaqlarımızda aparılmış qanunsuz qazıntılar zamanı Son Tunc - Erkən Dəmir dövrünə, həm də antik və xristian Qafqaz Albaniyası dövrlərinə aid qəbir abidələrindən tapılmış insan qalıqlarından nümunələr Avropa ölkələrində genetik laboratoriyalarda araşdırılıb. Məqalədə göstərilən dövrlər üzrə insan qalıqlarının və müasir erməni-hayların genetik göstəriciləri müqayisə edilir. Hətta əcnəbi arxeogenetiklər bölgə üzrə, o cümlədən işğal olunmuş Azərbaycan ərazilərindən qədim insan qalıqları nümunələrini onlara təqdim etdiyi üçün L.Yepiskoposyana təşəkkürlərini bildiriblər. Halbuki işğal zamanı Qarabağdan arxeo-ekofaktların toplanması, onların araşdırılması qanunsuzdur və Azərbaycan Respublikası qanunvericiliyinin və beynəlxalq hüququn müddəalarına ziddir.

Bu araşdırmalar əvvəlcədən təyin edilmiş çirkin məqsədi sübuta yetirməyə hesablanıb. Hər şeydən əvvəl, bu tədqiqatlarda haydilli ermənilərin iki nəhəng genotip fərqləri Osmanlı-Səfəvi müharibələrinin yaratdığı siyasi-coğrafi sədlərlə izah olunur. Arxeogenetiklərin bu qənaəti tarixi faktlarla ziddiyyət təşkil edir. Osmanlı-Səfəvi müharibələrinə baxmayaraq Anadolu və İran yaylası əhalisi daim ticari, mədəni və nikah əlaqələrində idi. İkincisi, Cənubi Qafqaz və Ön Asiya kimi nəhəng arealların hər hansı regionu göstərilmədən ermənilərin yerli olduğu bildirilir. Üçüncüsü, hansı erməni xristian icmasından (erməni həvvari və ya katolik kilsəsinə aid haydilli, irandilli, qafqazdilli, macardilli və tarixi türkdilli populyasiyalardan) bəhs olunduğuna aydınlıq gətirilmir. Bu yanlış məntiqlə, dünyadakı bütün müsəlmanları ərəblərlə, Yaponiyadakı pravoslav yaponların dini icmasını da Rusiyadakı ruslarla eyni genotipdə birləşdirmək kimi absurd ideya ortaya atmaq olar. L.Yepiskoposyanın açıqlamaları da ziddiyyətlidir. Belə ki, məqalələrində və KİV üçün açıqlamalarında o, bir tərəfdən erməniləri tarixboyu genetik rəngarəngliyi artan etnos kimi göstərir, digər tərəfdən, erməniləri qan təmizliyini saxlamış “saf qanlı xalq” kimi təqdim edir?!

Qərbdə sıraları artan pozitivizm (yalnız faktları əsas tutmaq) və skeptisizm (mövcud nəzəriyyələrə tərəddüdlə yanaşma) mövqeyində olan arxeoloqlara görə, arxeoloji və arxeogenetik məlumatlar yazıya qədərki qədim əhalinin dilini müəyyən edə bilməz, tarixi gerçək mənzərəni əhatə və əks etmək potensialından məhrumdur. Çünki dilçilik, arxeologiya və genetika elmlərinin öz sahələri üzrə öyrəndiyi proseslərin təbiəti fərqlidir. Eyni zamanda, pozitivist tədqiqatçılar arxeogenetik tədqiqatların birtərəfliyini, metodların diskret xarakter daşıdığını, spekulyasiyalar üçün geniş meydan yaratdığını qeyd edirlər. Həmçinin pozitivistlər genetiklərin arxeologiya, tarixi etnik proseslər və dilçilik üzrə biliklərdən, bu elmlərin mübahisəli problemlərindən xəbərsiz olduqlarını vurğulayırlar.

Hər bir halda, subyektiv və tədqiqat nəticələrini öncədən təyin edilmiş qənaətə uyğun yozumunu verən arxeogenetik spekulyasiyalara qarşı yalnız arxeologiya, dilçilik və tarixi-etnik proseslər barədə təsəvvürü olan arxeogenetiklər cavab verə bilərlər. Tarixi və etnik prosesləri primitivləşdirən, laborator nəticələrlə manipulyasiya edərək yanlış fikirlər ortaya qoyan işğalçı ölkənin arxeogenetiklərinə və onların tərəfdaşlarına cavab verilməsi üçün respublikamızda arxeogenetika sahəsi yaradılmalıdır. Buna qədər isə Azərbaycan arxeoloqları ekofaktların sistemli toplanması və müasir tələblərə uyğun saxlanılması kimi mühüm və çətin vəzifənin öhdəsindən gəlməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.