Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda isveçrəli arxeoloqun məruzəsi dinlənilib
AzerTAg.az
Bakı, 13 mart, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Elm Günü çərçivəsində seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Seminarda institutun baş direktoru Abbas Seyidov Bern Universitetinin (İsveçrə) Arxeologiya İnstitutunun elmi işçisi, arxeoloq Gino Kasparini təqdim edərək onun 2017-ci ildən Sibir ərazisində arxeoloji tədqiqatlarla məşğul olduğunu bildirib.
Sonra G.Kaspari Sibirin ən erkən Skif dövrü kurqanlarından olan “Tununq-1”in arxeoloji qazıntıları haqqında geniş məruzə edib. Məruzəçi vurğulayıb ki, ərazi əsasən bataqlıq olduğu üçün tədqiqat işləri çətinliklə aparılıb. Arxeoloq kurqanın üzərinin 3 təbəqədən - daş, gil və ağacdan ibarət olduğunu, daş və gil təbəqəsi arasında 24 at skeleti aşkarlandığını bildirib. Kurqandan tapılmış skeletlərin əksəriyyətinin başı kəsik formada olub. Maraqlı tapıntılardan biri də insan skeletlərinin bəzilərinin dişləri arasında qızıl sapların olmasıdır. “Karbon-14” analizinin nəticələrinə əsasən, kurqan eramızdan əvvəl IX əsrin sonuna aid edilir.
Elmi seminarda ikinci məruzə Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri dosent Bəxtiyar Cəlilov tərəfindən edilib. Arxeoloq Goranboy rayonu ərazisində yerləşən erkən Tunc dövrünə aid “Uzun Rəmə” haqqında geniş çıxış edib. O bildirib ki, kurqan sərdabə tiplidir. Onun şərq tərəfində giriş üçün yol (dromos) var. Qəbrin divarları bir metr hündürlükdə çiy kərpiclə hörülüb. Kurqandan xərəkdə dəfn edilmiş insan skeleti aşkarlanıb. Aparılan “karbon-14” analizinin nəticələrinə əsasən, bu kurqanın eramızdan əvvəl 3500-3300-cü illərə aid olduğu müəyyən edilib. Həmin ərazidə 250-dən artıq kurqan qeydə alınıb.
Daha sonra bir sıra müzakirələr aparılıb.


Xəbərin mətnində orfoqrafik səhv var