ELM VƏ TƏHSİL
Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının məqalələri UNESCO-nun elmi nəşrində
Bakı, 15 noyabr, AZƏRTAC
UNESCO-nun Səmərqənddə təsis etdiyi Mərkəzi Asiya Beynəlxalq Tədqiqatlar İnstitutunun rus dilində “Mərkəzi Asiya və Azərbaycanın dinləri” elmi toplusunun bu il dərc edilmiş IV cildi (Reliqii Sentralnoy Azii i Azerbyadjana. Tom IV. Xristianstvo. - Samarkand: MİTSAİ, 2018. – 296 səhifə) regionda xristianlığın qədim tarixinə həsr edilib. Bu topluda mövzu üzrə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları - arxeoloq Mübariz Xəlilovun və arxeoloq, dosent Natiq Alışovun Azərbaycan ərazisində Albaniya dövləti, alban xristianlığı və dini memarlığı barədə geniş məqalələri dərc edilib.
Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Mübariz Xəlilovun “Albaniyanın (Azərbaycan) IV-X əsrlər xristian abidələri” adlı məqaləsində qədim mənbələrə istinadla Azərbaycan ərazisində Alban dövlətinin hələ eramızdan əvvəl 330-cu ildə Qavqamel döyüşünə qədər mövcudluğu, Cənubi Qafqazda eramızın 56-cı ilində İsa Məsihin həvarisi Faddeyin şagirdi Yelisey tərəfindən Qafqaz Albaniyasında xristianlığın yayılması, alban xristian kilsəsinin IV əsrdən etibarən şimal-şərqi Qafqazdakı hunlar (maskut/masaha-hunlar/massagetlər) daxilində alban xristian missioner fəaliyyəti barədə ətraflı məlumat verilir. Tədqiqatçı Albaniya xristian memarlıq abidələrini nümunələr gətirməklə, düzbucaqlı birnefli, üçnefli bazilika, xaçşəkilli, dairəvi, üç zala malik, mağara tipli, yarımqazma tipli, səyyar çadır-məbədlər (skiniyalar) kimi 8 xüsusiyyət üzrə təsnif edib. Həmçinin bildirib ki, arxeoloqlar tərəfindən xristian Albaniyası dövrünə aid aşkar edilmiş qəbir abidələrini 9 əsas qrupda, o cümlədən torpaq qəbirlər, çiy kərpicdən hörülmüş dəfn kameraları, bişmiş kərpicdən hörülmüş kameralar, katakomba dəfnlər, kirəmitli dəfnlər, daş qutular, daş sərdabalar, daş sarkofaqlar və qaya sərdabaları üzrə təsnif etmək mümkündür.
Natiq Alışovun “Azərbaycanda xristianlıq. XI - XXI əsrlər” adlı məqaləsində Alban dövlətinin və xristian kilsəsinin tarixi ilə bağlı bir sıra maraqlı faktlar rusdilli oxucuların diqqətinə çatdırılıb. Tədqiqatçı yazır ki, Alban kilsəsi IV əsrdən XIX əsrin əvvəllərinədək müstəqil fəaliyyət göstərib.
Məqalədə bildirilir ki, Gülüstan (1813-cü il), Türkmənçay (1828-ci il) və Ədirnə (1829-cu il) sülh müqavilələri əsasında Rusiya imperiyası tərəfindən işğal edilmiş Azərbaycan xanlıqları ərazisinə köçürülmüş ermənilər məhz alban xristian dini irsini mənimsəməyə başlamışlar. 1836-cı ildə isə, Rusiya Kilsə Sinodunun və imperator I Nikolayın əmri ilə Alban kilsəsi ləğv edilərək bütünlüklə erməni kilsəsinə verilib. 1909-1910-cu illərdə ermənilər Rus Kilsə Sinodunun razılığından istifadə edərək, Sinodun arxivində Alban kilsəsinə aid tarixi sənədləri (tarixi və dini əsərləri) məhv ediblər.
Daha sonra tədqiqatçı albanların erkən xristian abidələrinin inşaat xüsusiyyətlərinə toxunaraq bildirir ki, dağlıq ərazilərdən fərqli olan aran yerlərdə alban dini memarlıq abidələri çiy kərpicdən inşa edilirdi. Odur ki, bu abidələr yalnız arxeoloji tədqiqatlarla aşkar edilir. Müəllif son dövrlərdə özünün rəhbərliyi altında arxeoloji ekspedisiya tərəfindən Azərbaycanın bir sıra rayonlarında aşkar edilmiş alban xristian memarlıq abidələri barədə ətraflı məlumatları oxucuların diqqətinə çatdırır.
Hər iki tədqiqatçının elmi məqalələrində Azərbaycanın Bərdə, Qəbələ, Qax, Zaqatala, Balakən, Şəki, Daşkəsən, Gədəbəy, Mingəçevir, Tərtər, Qazax, Oğuz, İsmayıllı və Naxçıvanda, həmçinin erməni işğalı altında olan ərazilərdə (Ağdam, Xocavənd, Kəlbəcər, Laçın) foto və planoqrafik təsvirlərlə müşayiət olunan onlarca alban dini memarlıq və dəfn abidələri, Dağıstanda (Rusiya Federasiyası) və Yerusəlimdə (İsrail) aşkar edilmiş Alban xristian məbədləri barədə geniş məlumat verilib, onların tarixi dövrlərə uyğun olaraq planometrik xüsusiyyətləri təfsilatı ilə diqqətə çatdırılıb.
Tədqiqatçılar Alban xristianlığındakı monofizit və diofizit dini cərəyanlarının memarlıqda da öz əksini tapmış xüsusiyyətlərini göstəriblər. Həmçinin məqalələrdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Alban dini məbədlərində qanunsuz arxeoloji tədqiqatların aparılması məsələsinə toxunulub.