ELM VƏ TƏHSİL
Arxeologiya və Etnoqrafiya İnstitutunda Ümummilli Liderin xatirəsi anılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a institutdan bildiriblər.
Tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyətlər sırasında ümummilli lider Heydər Əliyev xüsusi yer alıb. Azərbaycan tarixinin XX əsrdə böyük bir dövrü məhz Ulu Öndərin adı ilə bağlıdır. Dünyanın tanınmış siyasətçiləri, elm və mədəniyyət xadimləri də Heydər Əliyevin görkəmli tarixi şəxsiyyət, müstəqil və müasir Azərbaycanın memarı olmasını etiraf edirlər. O deyib: “Çox çətin bir dövrdə, faktiki siyasi və hərbi sahədə xaosun hökm sürdüyü bir zamanda Azərbaycan xalqının tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi, qanunun aliliyini və təhlükəsizliyi bərpa etdi, respublikamızın dünya siyasi xəritəsindən silinməsi yönündə düşmən qüvvələrin məkrli planlarının qarşısını aldı”.
Qeyd olunub ki, müdrik və hərtərəfli biliklərə malik tarixi şəxsiyyət kimi Ümummilli Lider həm də Azərbaycan xalqının tarixinin dünyada tanıdılması yönündə şərəfli fəaliyyət ortaya qoyub. Hələ 1974-cü ildə Ulu Öndərin təşəbbüsü ilə AMEA-nın Tarix İnstitutunun nəzdində Arxeologiya sektoru yaradılıb. Hakimiyyətə ikinci qayıdışında isə Heydər Əliyevin təşəbbüskarı olduğu mütərəqqi tədbirlər sırasında ayrıca olaraq AMEA-da Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılmasını göstərmək olar. Artıq müstəqil Azərbaycanın rəhbəri kimi Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında respublikamızda tarixi, arxeoloji və tarixi-memarlıq qoruqları yaradıldı ki, onların sırasında Naxçıvanda Gəmiqayanı, Şabran Arxeoloji Qoruğunu, Bakı şəhərində tarixi-memarlıq qoruğunu və digərləri sadalana bilər. Ümummilli Liderin siyasi dühasının məhsulu olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri nəinki dövlətimiz üçün siyasi zəmanət, iqtisadi inkişaf üçün zəmin oldu, həmçinin Azərbaycanda arxeoloji tədqiqatların inkişafına təkan verib, milli arxeologiyamızın dünyada tanıdılması üçün şərait yaratdı. Bu tədqiqatlar nəticəsində Daş dövründən Son Orta əsrlər dövrlərinə aid 30 mindən yuxarı maddi mədəniyyət nümunəsi aşkar edilib.
Sonra akademik Teymur Bünyadov, professor Əsədulla Cəfərov və başqaları Ulu Öndərin Azərbaycan xalqı və dövləti üçün gördüyü mühüm işlərdən, Azərbaycan elminə verdiyi töhfədən söz açıblar.