ELM VƏ TƏHSİL
Arxeologiya və Etnoqrafiya İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 44 günlük Vətən müharibəsi şəhidlərimizin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Tədbiri institutun direktoru professor Maisə Rəhimova açaraq bildirib ki, erməni vandalları 30 ilə yaxın müddətdə Azərbaycanın tarixi torpağı olan Qarabağı işğal altında saxlayıb. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz əks-hücuma keçərək 44 günün içində torpaqlarımızı işğaldan azad edib.
Alim qeyd edib ki, işğal altında olan torpaqlarımızda 30 il ərzində ermənilər insanlığa sığmayan vəhşiliklər törədib, azərbaycanlılara məxsus şəhər və kəndləri, tarixi abidələri yer üzündən siliblər. Azərbaycan xalqına məxsus abidələrin bir qismini öz adlarına çıxarmağa çalışan ermənilər, hətta Azıx mağarası kimi qədim insan məskənində Azərbaycan dövlətinin icazəsi olmadan bəzi əcnəbi arxeoloqlarla birlikdə qanunsuz qazıntı işləri aparıblar.
M.Rəhimova Azıx mağarasında aparılmış qanunsuz qazıntılardan əldə edilmiş materialların bir qisminin instituta gətirilərək müəssisənin Arxeoloji fonduna yerləşdirildiyini vurğulayıb.
Daha sonra institutun Daş dövrü arxeologiyası şöbəsinin müdiri professor Əsədulla Cəfərov məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan torpağında böyümüş, bu torpağın suyunu içmiş hər bir vətən övladı başımıza gələn bəlaların tarixini yaxşı bilməlidir. XX əsrdən etibarən yeddinci dəfədir ki, erməni millətçiləri başımıza bu bəlanı gətirirlər. İlk dəfə 1905-1907-ci illərdə erməni millətçiləri o dövrdə çar Rusiyasında hakimiyyətdə onlara xidmət edənlərə, onları dəstəkləyənlərə arxalanaraq xalqımıza qarşı qanlı cinayətlər törədiblər. Hələ 1828-ci il martın 4-də rus çarı I Nikolayın fərmanı ilə ermənilər Osmanlıdan və İrandan çar Rusiyasının işğal etdiyi Qarabağ və İrəvan xanlığına köçürülüblər. O dövrdə Qriboyedov, Veliçko kimi ziyalılar yazırdı ki, Azərbaycan xalqı köçürülmüş erməniləri duz-çörəklə qarşılayıb. Lakin ermənilərin xainliyi istər o zaman, istərsə də indi özünü göstərməkdədir. Alim qeyd edib ki, erməni xislətinin daha bir bariz nümunəsi şanlı Qələbədən sonra erməni əhalisinin Azərbaycan torpaqlarını tərk edərkən yaşadıqları azərbaycanlıların evlərini, meşələrini yandıraraq məhv etməsidir.
Ə.Cəfərov 2021-ci il martın 17-də ziyalılardan və jurnalistlərdən ibarət 80 nəfərlik böyük bir qrupun içində “Jurnalistlər Prezidentin izi ilə” layihəsi çərçivəsində Azıxı, Füzulini, Tuğu, Tağları, Qarakollunu və erməni işğalından azad olmuş digər torpaqlarımızı, abidələrimizi ziyarət etdiyini bildirib.
İnstitutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri Bəhlul İbrahimli çıxışında qeyd edib ki, 44 günlük müharibədən sonra dünyanın tanınmış hərbi məktəbləri, strateqləri bu müharibədə Azərbaycan Ordusunun göstərdiyi şücaəti və qələbəmizin səbəblərini öyrənirlər.
Daha sonra çıxış edən etnoqraf Təranə Quluzadə bildirib ki, 30 il düşmən tapdağında qalan torpaqlarımızın geri alınması bizim əsgərlərimizin, şəhidlərimizin canı və qanı hesabına gerçəkləşib.
Tədbirin sonunda professor Maisə Rəhimova torpaqlarımızın azadlığını qanları hesabına təmin etmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.