ELM VƏ TƏHSİL
Arxeologiya və Etnoqrafiya İnstitutunda beynəlxalq konfransa hazırlıqlarla bağlı müzakirələr aparılıb
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsində aparılan elmi tədqiqat işləri və Qarabağda dünya şöhrətli Azıx paleolit düşərgəsindən nadir ibtidai insan qalığının (“Azıx insanı”nın — azıxantropun çənəsinin) tapılmasının 50 illiyi ilə əlaqədar görülən işlər müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, akademik Teymur Bünyadov iştirak ediblər.
İnstitutun daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix elmləri doktoru Əsədulla Cəfərov Azərbaycan ərazisində daş dövrü abidələrinin tədqiqi ilə əlaqədar aparılan elmi tədqiqat işləri haqqında məlumat verib. Qeyd edilib ki, hazırda şöbədə üç monoqrafiya üzərində elmi tədqiqat işləri davam edir. Azıx düşərgəsində tapılmış Quruçay, qədim aşel, orta aşel, son aşel və mustye mədəniyyətlərinin xarakterik cəhətləri, Azıx paleolit düşərgəsinin dünya arxeologiyasında yeri “Azıx dünya arxeologiyası” monoqrafiyasında geniş şərh olunacaq. Monoqrafiyada, eyni zamanda, Qarabağın o cümlədən, Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd göstərən bəzi üzdəniraq erməni müəlliflərinin fikirlərinin əsassızlığı arxeoloji və tarixi faktlar əsasında təkzib ediləcək.
Yığıncaqda dünyanın ən ibtidai insanının unikal qalıqlarından birinin (“Azıx insanı”nın — azıxantropun çənəsinin) tapılmasının 50 illiyinə həsr edilən beynəlxalq elmi konfransın keçirilməsi məsələləri də müzakirə olunub.