ELM VƏ TƏHSİL
Arxeologiya və Etnoqrafiya İnstitutunda tanınmış italiyalı alimlə görüş
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Venesiyadakı (İtaliya) Ka`Foskari Universitetinin doktoru, professor Elena Rova ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova rəhbəri olduğu institutun son illərdə Avropa İttifaqı ölkələrinin, o cümlədən İtaliyanın bir sıra elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən danışıb. M.Rəhimova bildirib ki, artıq italiyalı mütəxəssislər Azərbaycanda beynəlxalq ekspedisiyaların tərkibində bir sıra arxeoloji abidələrin tədqiqində iştirak edirlər.
Azərbaycanlı arxeoloqların tədqiqatları ilə yaxından tanış olduğunu deyən italiyalı professor bildirib ki, ölkəmizdə neolit, xalkolit və ilk tunc dövrü abidələrinin bəzilərinə elmi səfər edib. Hazırda onun Azərbaycana səfəri Avropa İttifaqının (Aİ) “Erasmus” proqramı çərçivəsində Gəncə Dövlət Universitetində arxeoloji tədqiqat təcrübəsinin qısa müddətli elmi tədris kursu ilə yanaşı, Aİ-nin müasir elmi biliklərinin təşviqi xarakterini ehtiva edən layihələrlə bağlı azərbaycanlı və italiyalı arxeoloqların təcrübə mübadiləsinin gerçəkləşdirilməsi məqsədini daşıyır.
Gələcək əməkdaşlıq istiqamətində fikir mübadiləsinin aparıldığı görüşdə M.Rəhimova Azərbaycan arxeoloqlarının son elmi tədqiqatlarının nəticələrini əks etdirən elmi nəşrləri italiyalı professora hədiyyə edib.
Görüşdə institutun elmi əməkdaşları, həmçinin italiyalı professoru müşayiət edən Xəzər Universitetinin dosenti Nuridə Atəşi, Ka`Foskari Universitetinin Bakı filialının nümayəndəsi Elvira Sultanova iştirak ediblər.
Qeyd edək ki, Gəncə Dövlət Universitetinin dəvətinə əsasən Azərbaycana gəlmiş professor E.Nova Ka`Foskari Universitetinin humanitar tədqiqatlar departamentinin Yaxın Şərq arxeologiyası və incəsənət tarixi bölümünün əməkdaşıdır. O, uzun müddət Suriyada və Gürcüstanda beynəlxalq arxeoloji ekspedisiyalarda iştirak edib, Mesopotamiya, Anadolu və Cənubi Qafqazın xalkolit və ilk tunc dövrü üzrə tanınmış arxeoloq mütəxəssislərdən biridir.