ELM VƏ TƏHSİL
Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində böyük uğurlar qazanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova xalqımızın şanlı mübarizəsi ilə XX əsrdə ikinci dəfə əldə edilmiş müstəqilliyimizin Azərbaycan elminin inkişafı üçün açdığı perspektivlərdən danışıb.
Sessiyada Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda arxeologiya və etnoqrafiya sahələrinin əldə etdiyi nailiyyətlərdən, bu nailiyyətlər nəticəsində göstərilən elm sahələrinin sovet dövründəki inkişaf səviyyəsini üstələyərək müasir qabaqcıl dünya elm mərkəzləri ilə eyni səviyyədə durmasından söz açıb.
İnstitutun aparıcı elmi işçisi Güllü Yoloğlunun “Müstəqillik illərində mənəvi mədəniyyətimizin dirçəlişi: Heydər Əliyev və “Kitabi–Dədə Qorqud” mövzusunda elmi məruzəsi dinlənilib.
Tədbirdə “Azərbaycan etnoqrafiya elminin inkişafı”, “Qarabağın qədim tarixinin son tarixi arxeoloji tədqiqatları”, “Paleolit problemləri üzrə aparılmış son tədqiqatlar və onların nəticələri” və digər mövzularda elmi məruzələr dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.