DÜNYA
Arxeoloqlar Fələstində erkən ellinizm dövrünə aid məbəd tapıblar
Əmman, 19 avqust, AZƏRTAC
“The Jordan Times” nəşrinin İordaniyanın Yarmuk Universitetinin arxeologiya departamentinin rəhbəri Atef Şeyyaba istinadla yaydığı məlumata görə, Fələstin ərazisində erkən ellinizm dövrünə aid - təxminən e.ə. III əsrdə tikilmiş məbəd tapılıb. Atef Şeyyabın fikrincə, məbədin binasından müxtəlif vaxtlarda romalılar, bizanslılar, sonra isə müsəlmanlar istifadə ediblər.
AZƏRTAC xəbər verir ki, arxeoloji qazıntılar zamanı mütəxəssislərin aşkar etdikləri İoniya dövrü sütunlarına bundan əvvəl əsasən Türkiyə ərazisində rast gəlinib. Həmçinin arxeoloqlar romalılar tərəfindən qazılmış tunellər, eləcə də Umm-Kays təpəsindəki antik Qadara şəhərindəki nəhəng hovuza aparıb çıxaran quyu şəbəkəsi aşkar ediblər. Qeyd edək ki, Qadara şəhəri məşhur yunan şairləri Menipp (e.ə. III əsr), Filodem (e.ə. III əsr) və Meleaqrın (e.ə. I əsr) vətəni olub. Şəhər eramızın VIII əsrində zəlzələ nəticəsində dağılıb.
2001-ci ildən antik Qadara ətrafında çalışan beynəlxalq arxeoloqlar qrupu tarixi 5 min ildən çox olan bu ərazidə yunanlara qədər və onlardan sonrakı dövrün mədəni mərhələlərini tədqiq edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman