DÜNYA


Arxeoloqlar İsrail ərazisində qədim məscidin qalıqlarını tapıblar

Bakı, 20 iyul, AZƏRTAC

İsraildəki Neqev səhrasında arxeoloji qazıntılar zamanı qədim kənd məscidinin qalıqları aşkar edilib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu tapıntının dünyada müsəlmanların ən erkən ibadət yerlərindən biri olduğu bildirilir.

İsrailin Qədim Abidələr İdarəsinin məlumatında deyilir ki, eramızın VII-VIII əsrlərinə aid olan məscidin qalıqları ölkənin cənubundakı Rahat yaşayış məntəqəsində, bədəvi ərəblərin yaşadıqları ərazi ilə qonşuluqda tapılıb. Arxeoloqlar bildirirlər ki, həmin tarixə aid olan məscidlər Məkkə və Qüdsdə yerləşir, amma İsrailin Byer-Şeva şəhərinin şimalında bu cür ibadət yerlərinin aşkar olunması nadir hadisə sayılmalıdır. Qazıntılar zamanı açıq havada olan düzbucaqlı məscidin küncündə Məkkədəki məscidin üslubunda tikilmiş mehrabı da üzə çıxarıblar. Arxeoloqlar bildirirlər ki, bu tikili ərazidə maldarlıqla məşğul olanların ibadət yeri olub.

İsrailin Qədim Abidələr İdarəsinin arxeoloqu Qideon Avni bildirib ki, bu qədim məscid 636-cı ildə ərəblərin bu əraziləri fəth etməsindən sonra İslam dinini İsrailə gətirən tayfa tərəfindən tikilib. O əlavə edib ki, qazıntılar zamanı digər tikililər – Bizans ferması və İslamın ilk dövrünə aid yaşayış məskəni də üzə çıxarılıb. İsrailin hakimiyyət nümayəndələri burada müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşayacağı şəhər salınmasının da mümkün olduğunu qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.