REGİONLAR


Arxeoloqlar Naftalan ərazisində 5 min il bundan əvvələ aid çoxtəbəqəli unikal yaşayış məskəni aşkar ediblər FOTO

Naftalan, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Dünyanın müxtəlif bölgələrində arxeoloji qazıntılar zamanı üzə çıxarılan qədim mədəniyyət abidələri turistlərdə maraq doğuran və onları özünə cəlb edən unikal məkanlardır. Bəşər sivilizasiyasının ən qədim məskənlərindən olan Azərbaycanın indi hər bölgəsində bu cür tarixi-arxeoloji məkanlar var. Bununla yanaşı, müstəqilliyini bərpa etdikdən sonra yerli arxeoloqların aşkarladıqları bu cür məskənlərin və abidələrin sayı ildən-ilə artmaqdadır. Son vaxtlar yerli arxeoloqların qərb bölgəsində apardığı arxeoloji qazıntı işləri nəticəsində məlum olub ki, bütün dünyada sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən biri kimi geniş şöhrət qazanmış və hər il on minlərlə turisti möcüzəvi tibbi xüsusiyyətlərə malik nefti ilə sağlamlığına qovuşduran Naftalan şəhəri, həm də yaşı minillərlə ölçülən qədim insan məskənidir. Bu o deməkdir ki, dünyada bənzərsiz təbii-müalicəvi nefti ilə məşhur olan Naftalan şəhəri bundan sonra təkcə təbii sərvəti ilə deyil, həm də arxeoloji abidələri ilə də turistlərin diqqətini cəlb edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar olunub.

Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yaşayış yeri təpənin demək olar ki, bütün ərazisini əhatə edir. Abidənin əsas təbəqəsi Eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən çoxdur. Eneolit dövrünə aid təbəqədən 5-ci minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab hissələri və daş əmək alətləri aşkarlanıb. Yaşayış yerinin üzərində Son Tunc - İlk Dəmir dövrünə aid torpaq qəbirlərin, Antik dövrdə isə küp qəbirlərin salınmasının izləri var. Abidənin mərkəzi və şimal qərb hissəsində Eneolit təbəqəsinin üzərində, orta əsrlərdə məskunlaşma olub. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib.

Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir. Xüsusən dünyada nadir hesab edilən böyük ölçülü kurqanların Naftalan ətrafında mövcudluğu onların tədqiq edilərək yerüstü muzey kimi qorunmasına zərurət yaradır.

Bu cür arxeoloji qazıntıların aparılması və qədim abidələrin aşkar edilməsi şəhərə müalicəyə gələn turistlərin marağına səbəb olacaq və arxeo-turizmlə tibbi-turizmin sintezinə öz töhfəsini verəcək. Bu baxımdan böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.