ELM VƏ TƏHSİL


Arxeoloqlar “Şəhidlik” adlandırılan massivdə tədqiqat aparıblar

Bakı, 26 iyul, AZƏRTAC

Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiya tərəfindən aparılan tədqiqatın ilkin nəticələri açıqlanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu ilin iyul ayından etibarən Pirquluoba kəndinin yaxınlığındakı 4 hektar 82 kvadratmetr ərazini əhatə edən massivin 50 sotluq sahəsində arxeoloji tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində İslam qanunlarına uyğun olaraq üzü Qibləyə doğru istiqamətlənmiş skeletin aşkarlandığı 2 saylı qəbirdən götürülmüş insan qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim edilib. İlkin rəyə görə, insan qalıqları 100 il bundan əvvəl öldürülmüş (skelet qalıqlarında ölümə səbəb ola biləcək mexaniki zədə izləri aşkar edilib) 15-25 yaş arasında insana məxsus olub. “İndi burada dəfn edilən insanların hansı şəraitdə ölməsinə tarixi və arxiv araşdırmalarından sonra son rəy veriləcək”, - deyə arxeoloq Q.Ağayev bildirib.

Qeyd edək ki, 2017-ci ildə Xaçmazın Pirquluoba və Qoçaqlı kəndinin sakinləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna və Xaçmaz Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edərək Pirquluoba kəndinin inzibati ərazisinə daxil olan və yerli əhali tərəfindən “Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma aparılmasında kömək göstərilməsini xahiş ediblər. Yerli əhalinin nəsildən-nəslə ötürülən xatirələrinə əsasən deyilən ərazidə 1918-ci ildə Azərbaycan xalqını işğalçı erməni-bolşevik rejimindən xilas etmiş Qafqaz İslam Ordusunun hərbçiləri dəfn ediliblər. Məsələ ictimailəşəndən sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da bu il fevral ayının 23-də Xaçmazın Pirquluoba kəndinə gələrək yerli əhali ilə görüşərək, türk hərbçilərin basdırıldığı ehtimal edilən məzarlığa baş çəkmişdi.

Xatırladaq ki, Q.Ağayevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya 2007-ci il iyulun 13-dən 2008-ci il sentyabrın 8-nə qədər Quba soyqırımı məzarlığı ərazisində tədqiqatlar aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.