ELM VƏ TƏHSİL


Arxeoloqlar Şəkidə qədim Albaniyanın yeni dəfn adətlərini aşkar ediblər

Bakı, 16 dekabr, AZƏRTAC

Bu ilin dördüncü rübündə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sifarişi ilə Şəkidə “Kiş” Tarix-Memarlıq Qoruğunda Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 70 gün ərzində arxeoloji və antropoloji tədqiqatlar aparılıb. Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən beynəlxalq elmi dairələrdə tanınmış alim, Almaniya Arxeoloji İnstitutunun müxbir üzvi, professor Zeynolla Samaşev rəhbərlik edir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Antik dövrə aid Kiş-Doxun abidəsində tədqiqatlar 1984-cü ildə tanınmış arxeoloq Nəsib Muxtarov tərəfindən aparılıb. Ondan sonra tədqiqatlar dayanıb və qəbiristanlığın böyük bir hissəsini Kiş çayı yuyub dağıdıb.

2020-ci ildə aparılan tədqiqatlar nəticəsində Kiş-Doxun qəbiristanlığında Antik dövr üçün unikal dəfn adətlərini özündə əks etdirən döyüşçü qəbirləri aşkarlanıb ki, bunlardan bəziləri daş düzümlü kiçik təpə formalı struktura malikdir. Bir nömrəli qazıntı sahəsinin şimal hissəsindən Qafqazda və Yaxın Şərqdə təkrarı olmayan böyük küpdə kollektiv dəfn aşkarlanıb. Beş insan kəlləsi və sümükləri küpün içərisində olmaqla yanaşı, həm də ətrafındadır. Bundan əlavə, beli üzərində uzadılmış bütöv skelet var. Bir sıra xüsusiyyətlərinə görə bu uzadılmış dəfn Şimali Qafqazın Alban-Sarmat dövrünə aid olan Sarmat dəfnləri ilə uzlaşır. Küpün içərisindən və həmçinin ətrafından silah nümunələri – nizə başlıqları və Sarmat tipli xəncər üzə çıxdı. Bundan əlavə, bu qəbirdən canavar dişindən və maral buynuzundan amuletlər, tunc boyunbağı, sümükdən və tuncdan düzəldilmiş müxtəlif düymələr və bir sıra maddi-mədəniyyət nümunələri əldə olundu.

İki saylı qazıntı sahəsinin 2 nömrəli qəbrində kollektiv dəfn olunmuş məzar aşkarlanıb. Buradan Antik dövrə aid saxsı qablar, böyük dairəvi, oval və aypara formalı tunc asma və tikmə bəzəklər, tunc, şüşə və pastadan olan muncuqlar, tunc düymələr, tunc zəncirlər, dəmir və tunc qolbaqlar, dəmir nizə ucluqları, dəmir bıçaqlar və Roma üslublu göz muncuqları əldə olunub. Qəbir 3 müxtəlif qatdan (yarusdan) ibarət idi. Üst qatda böyük küpün içində və ətrafında insan sümükləri pərakəndə halda aşkar olunub. Qəbrin alt qatında 18 insan kəlləsi və müxtəlif insan sümükləri yenə də pərakəndə halda tapılıb. Eyni zamanda, bütün avadanlıqlar yerində idi. Bu qəbrin yanında tədqiq olunmuş həmin dövrə aid ayin yerində Sarmat tipli damğalı böyük küplərin fraqmentləri üzə çıxarıldı.

Tədqiq olunan qəbirlər əldə olunmuş keramika nümunələri əsasında bizim eranın I-III əsrlərinə aid oluna bilər. Təsvir olunan iki müxtəlif dəfn adəti Albaniyanın arxeoloji tarixinin öyrənilməsində yeni səhifə açır. Arxeoloji tədqiqatların nəticələri, qəbir konstruksiyaları, dəfn adətləri və s. qonşu bölgələrin abidələri ilə müqayisəli təhlil olunacaq. Əldə olunmuş materiallar kompleksinin fotoları AutoCAD proqramında dəqiq qrafik təsvirləri çəkilərək sənədləşdiriləcək. Nekropolun dron çəkilişi vasitəsilə ortofotoplanı hazırlanıb. Tapılan nümunələr analizlər üçün beynəlxalq laboratoriyalara göndəriləcək və tədqiqatın nəticələri beynəlxalq indeksli jurnallarda nəşr ediləcək.

Ümumiyyətlə Doxun nekropolu qədim Albaniyanın arxeologiyasının və tarixinin öyrənilməsində mühüm rol oynayır. Regionda təkrarı olmayan Antik dövr dəfn adətinin, həm bəzək, həm silah nümunələrinin tapılması, eyni zamanda, erkən xristianlığa keçid dövrünə aid keramika nümunələrinin üzə çıxması qədim albanların mədəniyyətinin müəyyən məsələlərini öyrənməyə imkan verir. Burada müxtəlif mədəniyyətlərin Albaniyada bir-biri ilə rastlaşması da müşahidə olunur. Cənubi Qafqaz sənət nümunələri, Roma tipli bəzəklər və Sarmat tipli tapıntılar burada bir yerdə aşkar olunur.

Ekspedisiyada Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin əməkdaşları Vüsal Həsənov və Ülkər Allahverdiyeva da iştirak ediblər. Onların tədqiqatı əsasında Kiş-Doxun qəbiristanlığında tapılan insan skeletlərinin yaşı, cinsi, aşkar görünən zədələri, patologiyaları müəyyən ediləcək.

Antropoloqların tədqiqatının ikinci hissəsinə xristianlıq dövrünə aid Kiş Alban Məbədi daxil idi. Orada aşkar olunmuş skeletlər tədqiqata cəlb edilib və onların üzərində konservasiya işləri aparılıb.

Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilmədilər. Buna baxmayaraq, builki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.