QAN YADDAŞI


Arye Qut: XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının köksündə sağalmaz bir yara açmışdır

Bakı, 6 mart (AZƏRTAC). “Elə coğrafi adlar var ki, xəritədə sadəcə nöqtəni deyil, daha çox şeyi ifadə edir. Bunlar qəddarlığın və amansızlığın rəmzinə çevrilmiş Babi Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhər adlarıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhəri düşmüşdür”. Bu fikri İsrail politoloqu, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) İdarə heyətinin üzvü Arye Qut Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş fotosərgi zamanı AZƏRTAC-ın müxbirinə müsahibəsində səsləndirmişdir.

Xatırladaq ki, Azİz Assosiasiyası Heydər Əliyev Fondunun dəstəyi ilə “Justice for Khojaly” kampaniyası çərçivəsində Tel-Əviv Universitetinin Diaspor Muzeyində fotosərgi təşkil etmişdir.

İsrail politoloqunun fikrincə, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. Belə bir qətliamın tarixdə analoqu yoxdur. A.Qut demişdir: “Bu faciənin dəhşətli dərəcədə dözülməz səhnələri Azərbaycanın köksündə sağalmaz bir yara açmışdır. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalılıya aman verməmişdir. Erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar.

Onun sözlərinə görə, Ermənistanın günahını təkcə Azərbaycanın hüquq mühafizə orqanlarının sərəncamında olan sanballı faktlar deyil, həm də çoxsaylı müstəqil mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin öz şahidlikləri təsdiq edir. A.Qut demişdir: “Bu faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşımışdır. Xocalı şəhəri Azərbaycan ərazilərinin ələ keçirilməsinin və burada etnik təmizləmə aparılmasının, şoka salan qəddarlıq qarşısında vahimə və qorxu yaradılmasının növbəti mərhələsi olmuşdur. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş bu qəddarlıq heç bir izaha gəlmir”.

O demişdir: “Zənnimcə, tədbirdə İsrail hökumətinin üzvlərinin, Knessetin deputatlarının və İsrailin “beyin mərkəzlərinin” nümayəndələrinin iştirak etməsində, onların Xocalı qətliamından Azərbaycan xalqına qarşı soyqırımı faktı kimi danışmasında bizim də kiçik payımız vardır. Biz əldə etdiklərimizlə kifayətlənməməliyik. Biz hər şey etməliyik ki, İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı məlumatlansın”.

Qutun sözlərinə görə, dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir. İsrail politoloqu demişdir: “Bu gün Ermənistanda yüksək vəzifə tutan insanlar - Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.