CƏMİYYƏT


Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru AQTİ laboratoriyalarının iş şəraiti ilə tanış olub

Bakı, 16 iyun, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində Milli Referens Laboratoriyasının iş şəraiti ilə tanış olub.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, baş direktora Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyət sahələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılıb, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılıb.

Laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Hazırda qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Laboratoriyalar qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz edilib.

Görüş vaxtı IOFS və Qida Təhlükəsizliyi İnstitutu arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Yerlan Baidaulet Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji sınaqlarının aparılması prosesini izləyib, kimyəvi müayinələr bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik qalıqları sınaqları həyata keçirilən laborator otaqlara baxış keçirib.

IOFS baş direktoru laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində aparılan işləri yüksək dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.