İQTİSADİYYAT
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 12 regional bölmə və 46 rayonda dayaq məntəqəsi yaradıb
Bakı, 27 oktyabr, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti 12 regional bölmə və 46 rayonda dayaq məntəqələri yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin doqquz aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə məlumat verilib.
Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov qurumun təşkilatlanması və ölkə üzrə qurulmuş tədarük-təchizat sistemi haqda danışıb. X.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 11 aprel tarixli 1944 №-li Sərəncamı ilə yaradılmış qurumun normal fəaliyyəti üçün ötən müddət ərzində zəruri infrastruktur qurulub, Bakı şəhərində əsas logistika mərkəzi olmaqla 12 regional bölmə, 46 rayonda dayaq məntəqələri yaradılıb və regional bölmələr üçün inzibati bina, eləcədə anbarlar icarəyə götürülüb, lazımi avadanlıqlarla təchiz edilib. Hazırda Səhmdar Cəmiyyətin istifadəsində ümumi tutumu 19 000 kvadratmetrdən çox anbar təsərrüfatı mövcuddur.
Sədr müavini bildirib ki, hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən 863 satınalan təşkilatla 1919 təchizat nöqtəsinə məhsul təchizatı ilə bağlı müqavilələr bağlanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na müvafiq olaraq elektron portal (www.tedaruk.az) yaradılıb və 2016-cı il 8 noyabr tarixində istifadəyə verilib. Elə həmin tarixdən satınalan təşkilatların tələbatları əsasında 173 növ məhsul üzrə satınalma elanı həmin portalda yerləşdirilib. 2017-ci ilin 9 ayı ərzində dövlət büdcəsindən maliyyələşən dövlət satınalan təşkilatları 18 məhsul növü üzrə 37 min ton həcmində ərzaq məhsulları ilə təmin edilib, satın alınan məhsulun dəyəri 66 milyon 497 min manat təşkil edib. Bunun böyük hissəsi (395 nəfəri fermer və 276-ı şirkət olmaqla) yerli istehsalçılardan alınıb, bu böyük həcmində vəsaitin yerli istehsalçıların dövriyyəsinə daxil olması deməkdir. 2018-ci il üzrə satınalan təşkilatların tələbat həcmi proqnoz olaraq 79 min 409 ton müəyyən olunub. Bu isə o deməkdir ki, gələn il yerli istehsalçılara daha çox vəsait ödəniləcək.
Məhsul istehsalı üçün avans ödənişi ilə bağlı, cari ilin aprel ayından etibarən Səhmdar Cəmiyyət tərəfindən kütləvi informasiya vasitələrində elanlar verilib və geniş təbliğat işləri aparılıb. Bu proses nəticəsində 309 istehsalçıdan müxtəlif məhsullar üzrə müraciət daxil olub. Həmin istehsalçıların monitorinqi həyata keçirilərək, istehsal potensialı və təqdim edilən sənədlərin düzgünlüyü təsdiq olunan 123 təsərrüfat subyektinə 11 adda məhsul istehsalı üçün 2 729 459 manat avans ödənilib.
Müşavirədə çıxış edən Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Elşən Əsədov isə bildirib ki, qurum tərəfindən 9 ay ərzində beynəlxalq əlaqələrin qurulması, yerli məhsulların xarici bazarlara ixracı, böyük ölkələrin satış şəbəkələri ilə münasibətlətin qurulması sahəsində mühüm addımlar atılıb. Azərbaycan məhsullarının daxili tələbatdan artıq qalan hissəsinin dünya bazarlarına ixrac olunması, yerli istehsalın dəstəklənməsi istiqamətində qurum fəaliyyətini aktiv şəkildə təşkil edib, milyonlarla manat dəyərində məhsul xarici ölkələrə ixrac edilib. Cari ilin yanvar-sentyabr aylarında ümumi həcmi 81,3 min tona yaxın kənd təsərrüfatı məhsulu birbaşa istehsalçılardan tədarük edilərək satınalan təşkilatların təchizatına və ya daxili və xarici bazarlara yönləndirilib.
Natiq vurğulayıb ki, ötən müddət ərzində qazanılmış uğurlardan biri də qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinq siyahısında Səhmdar Cəmiyyətin yer tutmasıdır. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı 2017-ci ilin 9 ayı ərzində ölkədə qeyri-neft sektoru üzrə ixrac icmalına əsasən, ”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 32.2 milyon dollarlıq ixrac həcmi ilə siyahıda 5-cidir.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra perspektiv məsələlər müzakirə olunub. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş kompleks tədbirlərə uyğun olaraq yaxın gələcəkdə regional tədarük bazalarının yaradılması, xırda fermer təsərrüfatlarına dəstəyin verilməsi, istehsalçılarla qarşılıqlı iqtisadi münasibətlətin qurulması, tədarük olunan məhsul çeşidinin artırılması, avans mexanizminin təkmilləşdirilməsi, regional idarələrin fəaliyyətinin daha da gücləndirilməsi, satınalan təşkilatlara daha keyfiyyətli ərzaqla təminatının qurulması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirədə çıxış edənlər ölkə Prezidenti tərəfindən Səhmdar Cəmiyyətin qarşısına qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə inamlarını ifadə ediblər.
Struktur idarə rəhbərlərinə tədarük-təchizat sisteminin daha da yaxşılaşdırılması üçün lazımi tapşırıqlar verilib.