REGİONLAR
“Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC 120 fermerə 2 milyon 712 min manat avans verib
Bakı, 31 may, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin “Monitorinq və mal dövriyyəsinə nəzarət” şöbəsinin müdiri Sahib Şükürov və regional bölmə əməkdaşları mayın 31-də Qəbələ rayonunun Tüntül kənd sakini Elçin Baxışovun sahəsində olaraq bitkinin inkişaf mərhələsinə baxış keçiriblər.
Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, fermer 12 hektarda qarabaşaq əkini üçün 10 min 680 manat avans alıb. Bitkinin inkişafı, göstərilən aqrotexniki qulluq işlərinin səviyyəsi qənaətbəxş qiymətləndirilib.
Səhmdar Cəmiyyət builki məhsul mövsümündə qarabaşaqla yanaşı, noxud, lobya, sarımsaq, kələm, yerkökü, kartof, kahı, çəltik və digər məhsullar da daxil olmaqla, 39 məhsul növü üzrə 120 nəfər fermerə 2 milyon 712 min manat avans verib. Verilmiş avanslar üzrə tədarükün həcmi 25 min 526 ton təşkil edəcək.